ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa) və İqor Popov (Rusiya), ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki Bakıda səfərdədir.
Həmsədrlər və xüsusi nümayəndə prezident İlham Əliyevlə görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə edib.
Həmsədrlər Ermənistanda və Dağlıq Qarabağda da müzakirələr aparacaq. Bundan sonra iyunun 10-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri görüşəcək. İyunun 25-də isə Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüş keçirəcək.
Böyük səkkizlərinin görüşü zamanı, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Amerika, Fransa və Rusiya prezidentləri birgə bəyanatla çıxış edərək tərəfləri münaqişənin nizamlanması üzrə əsas prinsipləri razılaşdırıb, sülh sazişinin hazırlamasına keçməyə səsləyib. Mayın sonları, iyunun əvvəllərində Ermənistan və Azərbaycan xarici işlər nazirləri Amerika dövlət katibi Hillari Klintonla görüşüb.
Əsas prinsiplərə gəlincə, bu, 2006-cı ildə qəbul edilmiş Madrid təklifləridir. Bu prinsiplərin mahiyyəti ondan ibarətdir ki, Ermənistan tərəfi Qarabağ ətrafındakı rayonları azad edir, qaçqınlar öz yurdlarına qayıdır, iki ölkə arasında kommunikasiyalar bərpa olunur, sonradan isə Qarabağın statusu üzrə plebissit keçirilir.
”Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsi radiosuna müsahibəsində Kazan görüşündə ciddi nailiyyət ələd ediləcəyinə inanmır. “Bir il öncə də həmsədr ölkələrin prezidentləri ümidverici bəyanla çıxış edib, münaqişənin nizamlanmasına bir addım qaldığını bildirmişdi. Amma son bir ildə nəinki bir addım, bir qarış da irəliləyiş olmayıb. Doğrudur Soçidə Azərbaycan və Ermənistan prezidenti ilk dəfə eyni sənədə imza atıb. Bu sənəd əsir və cəsədlərin qaytarılmasını nəzərdə tutur. Amma, yenə də tərəflərin mövqeyində yaxınlaşma yoxdur. Azərbaycan bəzi qüsurlarına baxmayaraq yenilənmiş Madrid prinsipini qəbul edib. Ancaq, Ermənistan inad edir ki, Dağlıq Qarabağda referendumun keçirilməsi vaxtı sənəddə əksini tapmalıdır”.
Politoloq hesab edir ki, tərəflərə təsir mexanizmi olmalıdır. “Sülh prosesini yubadan tərəfə təsir edilməlidir. Bunun mexanizmi yaradılmalıdır. Bu mexanizmi olmadan ciddi nəticə mümkün olmayacaq”.
E.Şahinoğlu eyni zamanda, Kazan görüşündə hansısa ciddi olmayan sənədin imzalanacağına da ümid edir. “Burada sənədin imzalanmaması Rusiay prezidentinin son illər başladığı missiyanın süqutu ola bilər. Bu isə seçkilər qabağı prezident Medvedevin reytinqinin kifayət qədər aşağı düşməsinə səbəb olardı”, - deyə o qeyd edib.