- “Foreign Policy Centre" düşüncə mərkəzi üçün hazırladığınız məqalədə Azərbaycan hökumətinin xaricdən əldə etdiyin müasir və mütərəqqi texnologiyalarla ictimai fəalları və jurnalistləri hədəf alması haqda yazmısınız. Bir daha qısa şəkildə Azərbaycanda ictimai fəallara qarşı hansı texnoloji üsullara əl atıldığını izah edə bilərsinizmi?
- Əslində, bu texnologiyalar Azərbaycanda uzun müddətdir istifadə olunur və xeyli vaxtdır ki, fərqli beynəlxalq təşkilatlar bu barədə həm yazılar dərc eləyib, həm də hesabatlar hazırlayıb. Mənim məqalədə qeyd elədiyim texnologiyalar müxtəlifdir. Onlardan biri proqramdır. Bu proqramı kompüter və ya mobil telefonlara salandan sonra bu proqram sayəsində öz kompüter və telefonundan girdiyin bütün şifrələr qarşı tərəfə göndərilir və qarşı tərəf istənilən vaxt bu şifrələrdən istifadə edərək, sənin sosial hesablarına daxil olaraq, onları dəyişdirə bilərlər.
İkinci texnologiya odur ki, virus kompüterə və ya telefona daxil olandan sonra qarşı tərəf istədiyi vaxt video kameranı və səs sistemini açıb, sənin xəbərin olmadan ətrafında olan hər şeyi çəkə bilər və sonra bunu öz işləri üçün istifadə edə bilərlər. Digər bir texnologiya isə “Keylogger” adlanan virusdur. Bu virus sizin klaviaturada yazdığınız hər şeyin, şifrələriniz, email-ləriniz və ya mətnlərinizin sürətini çıxarır. Bir də sizin ümumiyyətlə telefon və kompüterdə olan sənədlərə də bunların bir şəkildə girişi olur və onlardan istədikləri vaxt istifadə edə bilərlər.
- Məqalənizdə Facebook və digər sosial şəbəkələrdə səhifələrin kütləvi şəkildə şikayət edilərək, “icma qaydalarını pozuntusuna görə” silinməsi hallarını qeyd etmisiniz. Sizcə, ifadə azalığını təşviq edən və bütövlükdə ifadə azadlığından mənfəət əldə edən platformaları bu cür halların qarşısını alması haqda düşünürmü? Bu istiqamətdə müsbət irəliləyişlər varmı?
- Mənə gələn xəbərlər adətən Facebook-la bağlı olur və mən indiyə qədər görməmişəm ki, Facebook nəsə doğrudan da bunlara həll tapmaq üçün bir addım atsın. Mənim Facebook-un təmsilçiləri ilə iştirak etdiyim görüşlərdə onlara nə qədər başa salsaq ki, belə bir vəziyyət var, xəbər səhifələri bağlanır və ya fəalların, təşkilatların səhifələri ələ keçirilir və s. Lakin indiyə qədər onlardan konkret bir cavab ala bilməmişik. Ona görə hər dəfəsində belə bir Facebook yoxlanması və ya səhifə bağlanması hadisəsi yaşananda Facebook-la birəbir əlaqə saxlayıb, onları başa salmağa çalışırıq ki, bu yalançı səhifə deyil. Təbii ki, biz Facebook-dan daha ciddi addımların atılmasını istərdik. Sadəcə təəssüf ki, bu hələ mümkün deyil.
- Trollar haqqında da sual vermək istərdik. Müşahidələrə görə, Azərbaycandakı trolların fəaliyyəti çox sadədir. Əksər hallarda öncədən hazırlanmış mətnləri, davamlı və ardıcıl olaraq sosial şəbəkə paylaşımları altında yerləşdirirlər. Məqalələri oxuyanlar da trolları aydın görə, digərlərindən fərqləndirə bilirlər. Bu cür trolları müəyyən etmək olduqca asan görünür. Facebook və digər sosial şəbəkələr bu asan müəyyən edilən trolların fəaliyyətinin qarşısını almaq üçün bir iş görürmü?
- Düşünmürəm Facebook bununla bağlı xüsusi bir iş görür. Özəlliklə də Azərbaycan kimi ölkələrdə olan trollar haqqında. Hələlik Facebook-un ən böyük cəhd elədiyi addımlar Rusiya və Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsi ilə bağlıdır. Facebook-un konkret olaraq Azərbaycanla bağlı addımlar atdığını görməmişəm.
- Dediyiniz kimi, hökumətin əldə etdiyi texnologiyanın istifadəçinin klaviatura ilə daxil etdiyi məlumatları, ekran görüntüsü yadda saxlamaq, istifadəçinin icazəsi və xəbəri olmadan cihazın kamerasını və mikrofonunu işə salmaq və hətta offline rejimdə belə istifadəçini izləməyə davam etmək gücündədir. Bəs ağır təzyiqlər mühitində çalışmalı olan müstəqil jurnalistlər, ictimai fəallar bu cür sanksiyalaşdırılmamış izləmələrdən qorunmaq üçün nə etməlidir?
Bəzi texniki addımlar var ki, bunlar atıla bilər. Özünü həm jurnalist, həm də aktivist kimi qoruya bilərsən. Bunlardan birincisi odur ki, kompüterdə və telefonda istifadə elədiyin proqramlar pirat olmamalıdır. Qanuni olaraq əldə edilmiş proqramlardan istifadə olunmalıdır.
İkinci addım olaraq gələn email-lərə nəzarət etməkdir. Mənim indiyə qədər Azərbaycanda izlədiyim virus salmaq cəhdi email vasitəsi ilə olur. Sən görürsən ki, sənə dostundan email gəlib. Amma əslində o email sənin dostundan deyil, sadəcə onun email ünvanına bənzər bir emaildən göndərirlər. Çox zaman həmin emaillərin içərisində əlavələr olur və səndən o əlavələri açmağı xahiş edirlər. Beləcə virus kompüterinə düşür. Buna görə də, gələn emailə, mətnin özünə və əlavələrə çox diqqət etmək lazımdır.
Üçüncüsü isə odur ki, istifadə etdiyiniz şifrələri, kompüterlərinizi və telefonlarınızı qoruyun.
- Təsvirinizdən çox aydın şəkildə aydın olur ki, bu cür texnologiyaların avtoritar rejimlərin, hesabatlılığı və şəffaflığı olmayan hökumətlərin əlinə keçməsi çox təhlükəlidir. Bəs bu cür hökumətlər belə gücə malik olan texnologiyanı asan şəkildə alması demokratik ölkələri narahat etdirmirmi? Bu cür texnoloji silahların asan şəkildə əldə edilməsinin qarşısını alınması ilə bağlı işlər gedirmi?
Belə görünür ki, indiyə qədər alınan bu texnologiyaların əksəriyyəti avtoritar rejimlər tərəfindən alınıb. Bunun qarşısının alınması üçün bu texnologiyaları satan ölkələr və təşkilatlara qarşı sanksiyalar tətbiq etmək və ya bağlamaq lazımdır. Bir şəkildə bu şirkətlərin nə dərəcədə təhlükəli proqramlar satdıqlarını göstərmək lazımdır. Amma indiyə qədər bu texnologiyaları satan şirkətlərin heç biri ilə birəbir həll yoluna gəlib çıxılmayıb. Məsələn, elə ən birinci bu texnologiyaları satan Hacking Team ifşa olundu. İfşa etmək bəlkə də bir növ mübarizədir. Amma bu mübarizə nə qədər effektivdir, onu demək çətindir. Çünki, hələ də Hacking Teamin istehsal etdikləri texnologiyaların hələ də satıldığını və avtoritar ölkələr tərəfindən istifadə edildiyini görürük. Hacking Team olmasa da, onların istifadə etdiyi başqa firmalar var. Məsələn, elə İsraildə yerləşən Allot Communications və başqalarını misal göstərmək olar. Yəni bir şirkət olmasa başqa bir şirkət olacaq. Ona görə bu, çox ciddi bir mübarizə tələb edir. Məncə, buna qarşı bir ölkə yox, ümumiyyətlə xarici ölkələr əl-ələ verib, buna qarşı mübarizə aparmalıdır.