Azərbaycan Hesablama Palatası İslam Konfransı Təşkilatının Avropa İttifaqındakı keçmiş nümayəndəsi, hazırki iqtidarı tənqid edən Arif Məmmədovla bağlı Baş Prokurorluğa müraciət edib.
Arif Məmmədov bu il mayın 19-da Bakıda çoxmərtəbəli yaşayış binasında15 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı Facebook səhifəsində tənqidi münasibət bildirib. Bundan sonra rəsmi Bakının diplomata qarşı münasibəti dəyişib və təniqd atəşinə tutulub. Nəhayətdə, Məmmədov İslam Konfransı Təşkilatının Avropa İttifaqındakı nümayəndəsi vəzifəsindən uzaqlaşıb. Hazırda Belçikada yaşayan Məmmədov Azərbaycan iqtidarına müxalif olduğunu bəyan edib.
Hesablama Palatasının məlumatında deyilir ki, dövlət büdcəsindən 2007-2012-ci illərdə (bu illərdə Arif Məmmədov Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəsi olub-red) Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin (Strasburq) saxlanılmasına ayrılan vəsaitlərin istifadəsi zamanı büdcə vəsaitlərindən qanunsuz istifadə, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi, dövlət sirrinin qorunmaması, hesabatlılığın təmin edilməməsi halları və bir sıra ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə külli miqdarda zərər vurulması ehtimalı nəzərə alınaraq müvafiq yoxlamanın nəticələrinin Baş Prokurorluğa göndərilməsi qərara alınıb.
Qeyd: Hazırda Belçikada olan Arif Məmmədov məsələ ilə bağlı Amerikanın Səsinə müsahibə verib. Onunla müsahibə bir qədər sonra saytımızda olacaq.