Accessibility links

“Qarabağ müharibəsi bölgədə İranın nüfuzunu, daxildə isə İran millətçiliyini itkiyə uğratdı”


Arif Kəskin son Dağlıq Qarabağ müharibəsinin bir çox cəhətdən İranın zərərinə tamamlandığını və bu səbəblə İranın atəşkəs sazişindən narazı qaldığını vurğulayır. Amerikanın Səsinə danışan siyasi ekspert hesab edir ki, bu müharibə bölgədə İran dövlətinin nüfuzunun azalmasına, daxildə isə İran milliyyətçiliyinin məğlubiyyətə uğramasına yol açdı.

“Bunu rahatlıqla söyləyə bilərik ki, İran bu atəşkəs müqaviləsindən çox da məmnun deyil. Məmnun olmamasının bir çox səbəbi var. Birinci və ən önəmli səbəb özünün bu görüşmələrin içində olmaması. Ermənistan, Azərbaycan, Rusiya və Türkiyə var. Ancaq İran yoxdur,” Kəskin bildirir.

İranın atəşkəs müqaviləsindən məmnunun olmamasının bir çox səbəbi var. Birinci və ən önəmli səbəb, özünün bu görüşmələrin içində olmaması.

O, Dağlıq Qarabağda status-kvonun dəyişməsinin də İran İslam Respublikası üçün bir itki olduğunu önə çəkir:

“Digər tərəfdən İranın 90-lardan günümüzə qədər gələn tezisi məğlub oldu. Çünki, İran xüsusilə 1994-dən bəri status-kvonun davam etməsini istəyirdi. Bunu zamana yayaraq Ermənistanın uğurlu olmasını ümid edirdi. Təbii ki, yeni Azərbaycan-Ermənistan müharibəsi və bu müqavilə status-kvonu cidd şəkildə dəyişdirdi. Bu, İran üçün ciddi bir problem.”

Siyasi ekspert Türkiyənin roluna diqqət çəkərək deyir ki, “digər tərəfdən Türkiyə Qafqaza gəlir. Türk Ordusu Qarabağa gəlir. Azərbaycana gəlir və oraya yerləşir. Sovetlərin dağılması və sonrakı proseslərə baxdığımız zaman İran və Türkiyə Qafqaz və Orta Asiyada bir-birinin rəqibi mövqeyində idilər və bu, bugün də elədir. İran Türkiyənin Qafqaz və Azərbaycanda güclənməsini istəmirdi. İranın siyasəti bu bölgələrdəki Türkiyənin nüfuzunu zəiflətmə çərçivəsində şəkillənmişdi. Türkiyənin güclü şəkildə Azərbaycana girməsi İran üçün istənilməyən bir şey idi.”

İranın siyasəti bu bölgələrdəki Türkiyənin nüfuzunu zəiflətmə çərçivəsində şəkillənmişdi. Türkiyənin güclü şəkildə Azərbaycana girməsi İran üçün istənilməyən bir şey idi.

Kəskin İranın Ermənistan və Rusiya ilə də münasibətlərinin zəiflədiyini ifadə edir.

Onun sözlərinə görə, “İranın bu məsələdə Ermənistanla da, Rusiya ilə də münasibəti bəlli bir dərəcədə zəiflədi. Yəni, bu konkret olaraq göründü ki, Rusiya Türkiyəyə verdiyi önəmi bəlkə də heç İrana vermir. İranın orada olmasını da istəmir... Baxdığımız zaman İran Ermənistanı çox dərin şəkildə himayə edir, amma sonunda Ermənistandan da istədiyini ala bilmir.”

Siyasi ekspert müharibə nəticəsində Azərbaycan Respublikasının İranla sərhədini tam nəzarətə götürməsini Azərbaycan-İran münasibətlərinin gələcəyində önəmli bir faktor kimi dəyərləndirir.

“İranla Azərbaycan sərhədinin 134 kilometri işğal altında idi. Bu proseslərdə ilk qurtarılan yerlər oralar oldu. Təbii ki, Azərbaycanın coğrafi olaraq böyüməsi, işğal edilən torpaqlarını geri alması İran-Azərbaycan münasibətlərinə təsir qoya biləcək önəmli bir ünsürdür. Yəni, qurtarılan bölgələrin nə şəkildə davam edib və işləyəcəyi, bunun iqtisadi əlaqələri və sərhəd məsələsinin çox şeyə təsir qoyacağını raharlıqla söyləyə bilərik. Məsələn, Xudafərin körpüsünün orada olması, onun təmsili anlamı. Bu, önəmli bir sərhəddir,” Arif Kəskin bəyan edir.

Bu yeni proseslərdə İran-Azərbaycan arasında tranzit rəqabətinin də ortaya çıxacağı çox açıq.

Kəskinin fikrincə, sazişə əsasən Naxçıvan və Azərbaycanın əsas hissəsi arasında bir dəhlizin yaradılması İranın tranzit önəminin azalmasına səbəb olacaq:

“Başqa məsələ koridor məsələsidir. Naxçvanla Zəngilan arasındaki koridor. Bu da Azərbaycan-İran münasibətinə ciddi şəkildə təsir qoyacaq və İranın önəminin Azərbaycanın gözündə ciddi şəkildə azaldacaq. Bu gün Naxçıvanın Azərbaycanın digər parçası ilə quru yolu yoxdur və təbii Naxçıvan İrana daha çox bağlıdır. Azərbaycanın Naxçıvana qaz göndərmək üçün, hər şey üçün İrana ehtiyacı var. Bir koridor açıldığı zaman Azərbaycanın İrana ehtiyacı azalacaq. Ayrıca, Türkiyənin də hər il minlərlə yük maşını İran torpağından Orta Asiya və digər bölgələrə gedir. Bəlkə də Türkiyə bu açılan koridordan Azərbaycan üzərindən Orta Asiyaya açılacaq. Yəni, İranın Orta Asiyaya açılan o ənənəviləşmiş tranzit yolu da Azərbaycan olacaq. Bu yeni proseslərdə İran-Azərbaycan arasında tranzit rəqabətinin də ortaya çıxacağı çox açıq.”

Siyasi ekspert əlavə edir ki, bu yeniliklər Azərbaycanın İrana olan ehtiyacını azaltsa da, Azərbaycanın İranla münasibətlərini yaxşı tutmağa ehtiyacı olmadığı anlamına gəlməz.

Azərbaycanın yenə də İranla münasibətlərini yaxşı tutmağa ehtiyacı olacaq. Amma, bu ehtiyac ikinci Qarabağ savaşından öncəki kimi deyil.

Onun dediyinə görə, “Azərbaycanın yenə də İranla münasibətlərini yaxşı tutmağa ehtiyacı olacaq. Amma bu ehtiyac ikinci Qarabağ savaşından öncəki kimi deyil. Çünki, çox şeylər dəyişdi və bu dəyişikliklər səbəbilə də İran-Azərbaycan münasibətlərində Azərbaycanın mövqeyi, gücü, söz haqqı və hətta ixtilafların üstünə getmə imkanları da artar.”

Arif Kəskin hesab edir ki, “Azərbaycan Respublikasının öz torpaqlarını geri alması ilə İran hakimiyyətinin 90-cı illərdən bəri Güney Azərbaycanda yürütdüyü propaqanda da məğlubiyyətə uğradı.”

“İran nə deyirdi? Deyirdi, baxın, Azərbaycan öz torpağını qoruya bilməyəcək qədər zəifdir. Güçsüzdür. Demək ki Azərbaycan dövləti sizə heç nə verə bilməz. Çünki özünü belə qoruya bilmir. Gəldiyimiz nöqtədə nə oldu? Göründü ki, Azərbaycan öz torpağını qoruya biləcək qədər güclüdür. Azərbaycan dünya ictimaiyyətində hörmət qazandı. Azərbaycan üçün bir qürur qaynağı oldu. Özlərinə inamını artırdı. Bu Güney Azərbaycanda da qürur qaynağı oldu. İrandakı türklərdə də elə. Ayrıca, Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf etməsi və Türkiyənin qeydsiz-şərtsiz Azərbaycanı mütləq dəstəkləməsi də İrandakı türklər cə Güney Azərbaycana çox müsbət təsir qoydu. O, coğrafiyadakı insanların bir çox qayğılarını rahatlatdı,” Kəskin ifadə edir.

Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf etməsi və Türkiyənin qeydsiz-şərtsiz Azərbaycanı mütləq dəstəkləməsi də İrandakı türklər cə Güney Azərbaycana çox müsbət təsir qoydu.

Onun sözlərinə görə, İranın Azərbaycan Respublikası ilə əlaqədar yürütdüyü propaqandanın boşa çıxması İran millətçiliyi üçün də ciddi bir məğlubiyyət oldu.

“İranın Azərbaycanın öz torpağını qoruya bilməyən bir dövlət olduğuna dair yürütdüyü propaqanda toplumun şüuraltına işlənmişdi. Müharibədən sonra bu mənada da İran ciddi mənada uğursuz oldu. Fars milliyyətçiliyinə dayanaraq Azərbaycana və türklərə göstərdiyi düşmənlik siyasətinin sonunda məğlub olacağı bəlli idi. Və bu gün bu baxış məğlub oldu. O, pan-İranist baxış məğlub oldu... Bu gün baxdığımız zaman Quzey Azərbaycanda anti-İran hissi yüksəldi. Türkiyədə anti-İran hissi yüksəldi. Bunların hamısı İran milliyyətçiliyinə dayanaraq bu nöqtəyə gəlmişdi və [İran milliyyətçiliyi] burada məğlub oldu” - deyə, Arif Kəskin əlavə edib.

XS
SM
MD
LG