Dekabrın 10-da Bakı Apellyasiya Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin və daha iki fəalın - Bəşir Süleymanlı və Elnur Məmmədovun şikayətini təmin etməyib, onlar barəsində hökmü qüvvədə saxlayıb.
Apellyasiya şikayətinə baxılması prosesində Avropa İttifaqının Bakı ofisinin, Fransa, Almaniya, Böyük Britaniya, Belçika və Niderland səfirliklərinin nümayəndələri iştirak edib.
Vəkil Əlibaba Rzayevin bildirdiyinə görə, beş ittiham maddəsindən heç biri üzrə müttəhimlərin təqsiri sübuta yetirilməyib.
Bu zaman o xatırladıb ki, cinayət işi “mənimsəmə, vergi ödənişindən yayınma” maddəsi ilə başlayıb. Lakin cinayət işinin başlanması haqqında qərarda işin hansı əsasla başladığı göstərilməyib, - belə ki, işdə nə şikayətçi, nə zərərçəkmiş, nə əməliyyat məlumatı yox idi.
Vəkilin sözlərinə görə, cinayət işi başlandıqdan sonra bu maddələr üzrə faktlar toplanmağa başlayıb ki, bu da ittihamların siyasi xarakterli olduğunu təsdiq edir.
Vəkil hesab edir ki, fəalların cinayət təqibinin səbəbi 2013-cü il prezident seçkilərinin monitorinqi və onun nəticələri haqqında rəy olub.
“İstintaq bir tərəfdən iddia edir ki, təqsirləndirilən şəxslər ABŞ Milli Demokratiya İnstitutunun qrantını mənimsəyib, digər tərəfdən isə monitorinq keçirildiyini etiraf edir. Monitorinq olubsa, hansı mənimsəmədən söhbət gedə bilər? Digər tərəfdən, nə donor, nə də digər “zərərçəkmişlər” özlərini zərərçəkmiş hesab etmir”, deyən Rzayev məhkəmədən müttəhimlərə bəraət verilməsini xahiş edib.
Hər üç müttəhimin vəkili Elçin Sadıqov bildirib ki, bu iş üzrə araşdırma baş prokuror Zakir Qaralovun göstərişindən sonra başlayıb. Bu, prezident seçkilərindən, SMDT-nin prezident seçkiləri ilə bağlı mənfi rəyindən bir gün sonra baş verib.
İstintaq fəalları MDİ-nin qrantını qeydiyyatdan keçirməməkdə təqsirli bilir. Lakin onlar bu barədə Ədliyyə Nazirliyinə məlumat veriblər, lakin heç bir cavab almayıblar.
20 zərərçəkmişdən 19-u təqsirləndirilən şəxslərə qarşı iradları olmadığını bildirib.
Sadıqov da müttəhimlərə bəraət verilməsini istəyib.
“Biz təqsirimiz və heç bir sübut olmadığı halda həbs edilmişik”, deyə Anar Məmmədli bildirib. O, fəalların prezident seçkilərinin nəticələrinə təsir etdikləri haqqında ittihamları absurd adlandırıb.
Lakin dövlət ittihamçısı Ceyhun Budaqov məhkəmədən hökmü qüvvədə saxlamağı xahiş edib.
Nəticədə Əflatun Qasımovun sədrlik etdiyi məhkəmə fəalların təqsirinin sübuta yetirildiyinə qərar verib və şikayəti təmin etməyib.
Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.
Anar Məmmədli 5,5 il müddətinə, bu QHT-nin icraçı direktoru Bəşir Süleymanlı isə 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədov 3,5 il şərti cəza alıb. Onlar vergi ödənişindən yayınmaqda, qanunsuz sahibkarlıqda, mənimsəmə və s.-də təqsirli biliniblər.
Amnesty İnternational Anar Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb. Sentyabrın sonlarında o, Vatslav Gavel mükafatına layiq görülüb.