Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Amerikanın Səsinə müsahibəsində martın 31-ində Türkiyədə keçirilmiş bələdiyyə seçkilərinin nəticələrini şərh edib.
Hakim siyasi partiya maksimum şəkildə çalışdı ki, diqqəti milli mövzulara yönəltsin.
Ekspertin sözlərinə görə, seçkiöncəsi bir çox müşahidəçidə belə bir rəy var idi ki, müxalif namizədlərin qələbəsinin tanınması baxımından, eyni zamanda onların qələbəsinin reallaşması baxımından hakim siyasi partiya tərəfindən müqavimət olacaq.
"Bələdiyyə seçkilərində mənim üçün gözlənilməz o oldu ki, seçkiqabağı təşviqat kampaniyasında hakim AKP-nin apardığı bütün bu kampaniyalara rəğmən seçkinin nəticələrini soyuqqanlıqla qarşıladı və demək olar ki, çox ciddi müqavimətin şahidi olmadıq."
20 ilə yaxındır Türkiyədəki seçkiləri izləyən Anar Məmmədli əlavə edir ki, son 3 aylıq dönəm çox ciddi şəkildə yerli seçki atmosferindən çıxmışdı və sanki prezidentlik yarışı idi.
"Hakim siyasi partiya maksimum şəkildə çalışdı ki, diqqəti milli mövzulara yönəltsin. Çünki, yerli problemlərdən danışdıqca, bu məsələləri qaldırdıqca istər-istəməz ötən illər ərzində müəssisələrə rəhbərlik etmiş və hakim siyasi partiyaya bağlı insanların, bələdiyyə başkanlarının fəaliyyəti müzakirə oluna bilərdi.
AKP düşündü ki, belə bir təbliğat apararaq bələdiyyə seçkilərində daha çox seçicilərin səslərini əldə edə bilərlər, seçicilərin səslərini manipulyasiya edə bilərlər."
Anar Məmmədli qeyd edir ki, Ərdoğanın özünün də bu seçki kampaniyasına siyasi hərisliklə qatılması bu seçkilərinin əhəmiyyətini artırdı və bu seçkilərin nəticələrinin Türkiyə üçün ciddi təsirləri ola bilər.
"Birinci təsir ondan ibarətdir ki, uzun illərdən sonra hakim partiya İstanbul və Ankarada bələdiyyə təmsilçiliyini itirdi. Türkiyədə belə bir rəy var ki, İstanbul bələdiyyəsi AKP-nin qalasıdır. Yəni, o qala artıq əldən çıxdı. Artıq AKP-nin məğlubedilməzliyi ilə bağlı psixoloji effekt aradan qalxır.
İkinci ciddi təsir də çox güman ki, Türkiyədə yeni blokların, yeni koalisiyaların, xüsusilə də sağ-mühafizəkar çevrələrdə Ərdoğana qarşı müxalifətdə olan insanlar arasında müəyyən qruplaşmaların ortaya çıxmasına, yeni siyasi partiyaların yaranmasına səbəb ola bilməsidir."
İstanbul bələdiyyəsi AKP-nin qalası idi. O qala artıq əldən çıxdı.
Seçki ekspertinin fikrincə, bələdiyyə seçkilərində digər bir mühim məqam isə ondan ibarətdir ki, müxalif partiya olaraq CHP-nin əsas şəhərlərdə qələbə qazanması partiyanın təqdimatı baxımından, partiyanın gələcək seçkilərdə qalib gəlməsi baxımından münbit imkandır.
"Müxalifət təmsil olunduğu bələdiyyə ərazilərində məsuliyyətini cavabdehliyini daha da artıracaq. Partiyalar bu imkandan maksimum şəkildə istifadə etməyə çalışacaqlar ki, daha çox nümunələr yaratsınlar, örnək qoysunlar. Əvvəlllər əgər İzmir örnəyi var idisə, indi əllərinə növbəti beş il ərzində Ankara, İstanbul örnəyi yaratmaq imkanı düşüb. İctimai xidməti, dövlət qulluğunu ən azından yerli səviyyədə göstərməlidirlər ki, insanların rəyini, mövqeyini dəyişdirə bilsinlər."