Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət mərkəzi martın 20-də Novruz bayramı münasibətilə böyük bayram şənliyi keçirib. Həmvətənlərimizin ən çox sevdiyi və böyük məhəbbətlə qeyd etdiyi Novruz şənliyinə 250-dən artıq adam toplaşmışdı. Ənənəvi Novruz şənliyinə paytaxt Vaşinqton, Merilend, Virciniya, Delaver ştatları ilə yanaşı, ABŞ-ın başqa ştatlarında yaşayan həmvətənlərimiz də qatılmışdı. Qonaqlar üçün xüsusi konsert proqramı hazırlanmış, milli nemətlərlə bəzədilmiş bayram süfrəsi açılmışdır. Məşhur kaman ustası İmamyar Həsənovun çalğısı, ABŞ-ın“İpək Yolu” ansamblının ifa etdiyi Azərbaycan rəqsləri şənliyə xüsusi əhval-ruhiyyə gətirdi. Novruz ənənələrinə uyğun olaraq Bahar qız qonaqları təbrik edib, onlarla rəqs etdi. Balacalar isə Azərbaycan dilində öyrəndikləri şerləri əzbər söylədi. Qonaqlar arasında rəqs müsabiqəsi keçirildi və qaliblərə hədiyyələr verildi. Novruz şənliyinin təşkilində çox fəal iştirak edən gənclər isə bayram tonqalı qalamış və tonqalın üzərindən tullanmışdır. Gənclər Novruz şənliyinə toplaşanları tonqal ətrafında yallı rəqsinə dəvət etmişdir.
Video: Emil Quliyev