Almaniya paytaxtı Berlində prezident İlham Əliyevin Almaniya kansleri Angela Merkellə görüşünün baş tutduğu yerdə etiraz aksiyası keçirilib. Bu barədə BBC-azeri saytı məlumat yayıb.
Xəbərdə deyilir ki, aksiyada jurnalist Xədicə İsmayılovaya azadlıq və Almaniya və Avropa İttifaqının Azərbaycan haqqında "ikiüzlü siyasətinə" son qoymaq tələb olunub, Almaniyada yerləşən niderlandlı jurnalist Bertus Bouwman hadisə yerindən BBC Azərbaycancaya məlumat verib.
Kansler Merkelin ofisinin yaxınlığında keçirilən etiraza onlarla adam, o cümlədən diaspora nümayəndələri və beynəlxalq təşkilat üzvləri qoşulub, jurnalist deyir.
Azərbaycan prezidenti İlham Əliyev Almaniyada işgüzar səfəri çərçivəsində görüşlər keçirir. Görüşlərdən biri prezident Əliyevlə kansler Merkel arasındadır.
Əsas şüar "Əliyev getsin, demokratiya gəlsin" olub ("Aliyev out, democracy in").
"İlham Əliyev gələndə yəqin ki, onları eşitmədi - aksiya Əliyevin keçdiyi yerdən təxminən 100-200 metr məsafədə idi", bildirir Bertus Bouwman.
Aksiyanı təşkil edən Sərhədsiz Reportyorlar təşkilatı həbs olunan jurnalistlərin azadlığa buraxılması üçün çalışır. Sərhərsiz Reportyorlara əsasən, 2014-cü ildə təşkilat Suriyadan sonra ən çox Azərbaycanla məşğul olub.
"Onlar düşünmürlər ki, bu aksiya nəyisə dəyişəcək, lakin onlar adamlara göstərmək istəyirlər ki, onlar üçün nəsə edilir", Bertus Bouwman məlumat verir.
Aksiyaçılar Almaniya hökumətini İlham Əliyevdən "açıq" tələblər etməyə çağırıblar. Sərhədsiz Reroptyorlar təşkilatına əsasən "bağlı qapılar arxasında diplomatiya" indiyədək heç bir təsir göstərməyib.