Accessibility links

Angela Merkeldən Azərbaycanda insan hüquqlarının durumunu müzakirə etməsi xahiş edilir


 “Hüquqlar üçün İdman” (Sports For Rights) təşkilatı-logo
“Hüquqlar üçün İdman” (Sports For Rights) təşkilatı-logo

“Hüquqlar üçün İdman” (Sports For Rights) beynəlxalq QHT koalisiyası yanvarın 21-də Berlində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək Almaniya kansleri Angela Merkele mütraciət edib.

Sənəddə deyilir ki, A.Merkel insan hüquqlarını Azərbaycan prezidenti İlham Əliyevlə görüşünüzün əsas mövzularından biri etsin.

“Son illərdə Azərbaycanda siyasi fəaliyyət, vətəndaş cəmiyyəti və jurnalistika üçün məkan tədricən məhdudlaşdırılıb. Xüsusən son altı ayda biz sərt və misli görünməmiş repressiyanın, onlarla vətəndaş cəmiyyəti fəalı və jurnalistin cəza çəkməsinin və ya barələrində hökm çıxarılmasının şahidi olmuşuq. Ölkənin ən tanınmış araşdırmaçı jurnalisti və bir çox aparıcı hüquq müdafiəçiləri hökumət siyasətini tənqid etdikləri üçün cəzalandırılaraq həbs olunublar. Fundamental hüquq və azadlıqları kriminallaşdırımasını əsaslandırmaq üçün “vergidən yayınma” kimi saxta ittihamlardan istifadə olunur”, müraciətdə qeyd edilir.

“Hüquqlar üçün İdman” koalisiyası insan hüquqlarına dair məsələni Azərbaycanda keçiriləcək qarşıdan gələn beynəlxalq idman tədbirlərinin kontekstində qaldırmaq üçün yaradılıb.

“Avropa Olimpiya Komitələri tərəfindən hazırlanmış və tənzimlənən Bakı Olimpiya Oyunlarının 2015-ci ilin iyun ayında keçirilməsi planlaşdırılır. Bu oyunların uğurlu olması üçün Azərbaycan tərəfindən açıq cəmiyyət istiqamətində siyasət dəyişikliyi təcili surətdə tələb olunur. Hüquq müdafiəçiləri və jurnalistlər azad olunmalıdır və sizi bu məsələni prezident Əliyevlə söhbətləriniz zamanı vurğulamağa çağırırıq”.

Müraciətdə hazırda həbsdə olan çoxsaylı QHT liderləri və jurnalistlərin adları sadalanır. Təşkilat A.Merkeldən xahiş edir ki, Azərbaycan rəhbərinə Avropa İnsan Hüquqları Konvensiyası üzrə öhdəliklərini birmənalı şəkildə xatırlatsın. “Azərbaycanın tərəfdaşları təkid etməlidirlər ki, Bakının Avropa Oyunlarına ev sahibliyi etməsindən əvvəl ölkənin insan hüquqları sahəsindəki bu dəhşətli ləkə silinsin.Biz səmimi şəkildə inanırıq ki, sizin bu aktual məsələ ilə bağlı prinsipial liderliyinizə bel bağlaya bilərik”.

Müraciəti “Hüquqlar üçün İdman” (Sports For Rights) təşkilatın üzvləri olan Vətəndaş Azadlıqları Mərkəzi (Ukrayna),İnsan Hüquqları üzrə Helsinki Fondu (Polşa),Senzura İndeksi (Böyük Britaniya), İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq (Belçika), Niderland Helsinki komitəsi (Niderland), Norveç Helsinki Komitəsi (Norveç), Çətinlikdə olan İnsanlar (Çex Respublikası), Platforma (Böyük Britaniya), Youaid Fondu (Polşa) və bir qrup vətəndaş cəmiyyəti fəalı imzalayıb.

XS
SM
MD
LG