İran Azərbaycanında mədəni fəallar Təbriz və ümumilikdə İran Azərbaycanının simvolu kimi hesab edilən Ərk Qalanın ətrafında onun zədə alması və tədrici məhvinə yol verə biləcək tikinti işlərini dayandırmaq üçün etiraz kampaniyasına start veriblər. Tarixçi yazar Ələsgər Haqdar Amerikanın Səsi ilə söhbətdə bu etirazların səbəbini anladaraq Elxanilər dönəmindən qalmış Ərk Qalasının keçmişi və ona yetirilən zədələr haqqında danışıb. Onun sözlərinə görə, Təbriz Müsəllası (məscid) Xeyriyyə Fondunun həyata keçirdiyi layihələr Ərkin məhvinə səbəb ola bilər.
Təbrizli yazar tarixində müxtəlif dövrlərində 14-cü əsrdə inşa edilmiş Ərkin başına gələnlər haqqında ətraflı məlumat verib. O, Ərkin müxtəlif əsrlərdə Qərb və Şərqin məşhur səyyah və tarixçiləri tərəfindən ziyarət edildiyini bildirərək abidənin tarixi önəmini vurğulayıb.
“Təbriz bir Zəlzələ bölgəsidir. Amma heç bir əsər Təbrizdə baş verən zəlzələlər nəticəsində Ərkin xəsarət aldığına dair məlumat verilməyib. Bu o binanin əzəmətini və möhkəmliyini göstərir,” deyə Ələsgər Haqdar tarixi abidəyə təbii fəlakətlər ilə deyil ancaq insan əli ilə xəsarət verildiyinə diqqət çəkir.
Onun sözlərinə görə, Ərk binasında baş verən ilk yıxıntı Rus qüvvələrinin laqeydliyi ilə meydana gələn yanğın nəticəsində olub. Daha sonra Pəhləvi dönəmindən başlayaraq İran İslam Respublikasından sonra da Ərkin bəzi hissələri müxtəlif bəhanələrlə təxrib edilib.
Ərk Təbriz və Azərbaycanın bir simvoludur. Şeirlərdə, mahnılarda, hekayələr və romanlarda, habelə şəxsi xatirələrimizdə bir Ərk ilə yaşamışıq... Bu təxriblərin əsl hədəfi türklərin mədəniyyət və kimlik simvolunu məhv etməkdir.Ələsgər Haqdar
O, Ərkin müxtəlif bölmələrinin keçmişdə də Təbriz Müsəllası Xeyriyyə Fondu tərəfindən məhv edildiyini önə çəkərək əlavə edir ki, “bu təxriblərin davamında bu gün də neçə mərtəbəli avtopark bəhanəsi ilə Müsəlla Fondunun torpaqgötürmə fəaliyyətləri davam edir.”
Türkiyədə mühacirətdə yaşayan tarixçi Ərkin məhvinin Təbriz, Azərbaycan və türklərin mədəniyyətinin məhvi olduğunu ifadə edir.
“Bizim və bütün Təbriz əhalisinin nigarançılığı budur ki, 700 illik keçmişi olan bu tarixi bina torpaqgötürmə və tikinti maşınlarının işləməsi nəticəsində xəsarət alıb və bütünlüklə aradan qaldırılsın... Ərk Təbriz və Azərbaycanın bir simvoludur. Şeirlərdə, mahnılarda, hekayələr və romanlarda, habelə şəxsi xatirələrimizdə bir Ərk ilə yaşamışıq... Bu təxriblərin əsl hədəfi türklərin mədəniyyət və kimlik simvolunu məhv etməkdir.”