Tarixçi yazar Ələsgər Haqdar Amerikanın Səsinə müsahibədə yeni nəşr etdiyi İran Türklərinin Kimlik Rönesansı adlı son kitabı və müəllifi olduğu digər əsərlər haqqında danışıb. Təbrizli tarixçinin yeni kitabında İranın müxtəlif tarixi dövrlərində türklərin varlığını dəyərləndirməklə yanaşı türk toplumunun siyasi, mədəni və coğrafi kimlikləri və həmin kimliklər üzərindən assimilyasiyaya məruz qalması incələnir.
Tarix və ədəbiyyat sahələrində 40-dan artıq kitabın müəllifi olan Ələsgər Haqdar artıq kitablarını İranda nəşr edə bilmədiyini və keçmişdə ölkə daxilində çap edilmiş kitablarının yenidən yayımlanmasına icazə verilmədiyini deyir.
O, 2014-cü ildə Human Rights Watch təşkilatı tərəfindən təsis edilən və fəaliyyətləri üzündən siyasi basqılarla üzləşən yazarlara verilən Helman/Hammett mükafatına layiq görülüb.
Ələsgər Haqdar İranda müasir tarix sahəsində nəşr edilmiş əsərlərdə türklərdən ad aparılmadığını, türk kimliyi və mədəniyyətinin inkar edildiyini gördükdən sonra İran Türklərinin Kimlik Rönesansı kitabını yazmağa qərar verdiyini söyləyir:
“Mənim ixtisasım müasir tarixdədir. Baxırdım ki bizdən heç ad aparmırlar. Yəni, istər Məşrutə dövrü, istər Pəhləvi ya İslam Respublikası dövründə olsun, bizim kimliyimiz və kültürümüzü danırlar. Mən bunu anladım və buna mövzuda bir kitab yazmağa qərar verdim.
Bizi əsl türk tarixindən uzaq salıblar. Mən kitabda onu anladıram ki türklərin siyasi tarixi Orta Asiyadan başlayır. Sonra, Pəhləvi dövründən bəri başlanan assimilyasiyanı anlatmışam.Ələsgər Haqdar
Təbrizli yazarın üzərində bir il yarım çalışdığı yeni kitabı keçən həftərlərdə Ankarada Son Çağ Yayınevi tərəfindən fars dilində nəşr edilib. Yazar kitabın yaxınlarda türk dilində də yayımlanacağını xəbər verir.
O, kitabın əsas məzmunun türklərin kimlik hekayəsinin formalaşdırılması üzərində qurulduğunu deyir:
“Bizi əsl türk tarixindən uzaq salıblar. Mən kitabda onu anladıram ki türklərin siyasi tarixi Orta Asiyadan başlayır. Sonra, Pəhləvi dövründən bəri başlanan assimilyasiyanı anlatmışam... Pəhləvi dövrü və İslam Respublikası dövründəki durumu yazmışam... Sonra dilimiz türkcə haqqında yazmışam. Rönesansı (intibah) daha çox orada açıqlamışam; yeni ədəbiyyat, romanlar və şeirlər.”
Ələsgər Haqdarın yeni kitabında İranda türklərin yaşadığı coğrafiyaya da xüsusi önəm verilib: “Sonra, İranda türklərin yaşadığı coğrafiyanı yazmışam ki, bu sadəcə Azərbaycan deyil. [Burada] Xorasan, Qaşqay eli, Xələclərin yaşadığı bölgələr və başqa türk toplumları var.”
Ankarada mühacirətdə yaşayan araşdırmaçı İranda türklərin tarixindən əlavə onların coğrafiyası və dilinin adının da təhrif və inkar edildiyini kitabında açıqladığını bildirir.
Şəhərlər, kəndlər və yerlərin adlarını dəyişdirib, farscaya çeviriblər. Onların əsl türkcə adlarını gətirib və bunu da bir assimilyasiyaya nümunəsi olaraq qeyd etmişəm.Ələsgər Haqdar
“İranda türk dilini qəbul etmirlər. Türk dili deyil, "Azəri" deyirlər ki, bu bir saxtalaşdırma və təhrifdir. Kitabda coğrafi adlar haqqında bir əlavə gətirmişəm. 80 ildə şəhərlər, kəndlər və yerlərin adlarını dəyişdirib, farscaya çeviriblər. Onların əsl türkcə adlarını gətirib və bunu da bir assimilyasiyaya nümunəsi olaraq qeyd etmişəm,” deyə Ələsgər Haqdar əlavə edir.
Tarixçi yazar həmçinin hazırda Azərbaycan Milli Hərəkatının tarixinə dair bir kitabın üzərində çalışdığını deyir.