Accessibility links

Oqtay Alptürk: Kolonial güclər kimlik dəyişdirməyi adlardan başlayırlar [Audio-Müsahibə]


“Hakim kolonial güclər bir toplumun kimliyini dəyişdirəndə ən başda adları dəyişdirirlər, bu, klassik bir metoddur... Müstəmləkədən azad olmaq istəyən toplumlarda da ad dəyişdirməyə qarşı çıxmaq hər zaman bir mücadilə metodu olmuş,” deyə Amerikanın Səsi ilə söhbətdə Oqtay Alptürk son vaxtlar güneydə “türk kimliyinin təhrif edilməsinə” qarşı etirazları dəyərləndirir.

please wait

No media source currently available

0:00 0:16:33 0:00

Ötən noyabr ayında İranın dövlət televiziyasının uşaqlar proqramında türklərin aşağılanması ardından baş verən kütləvi etirazlarda irqçiliyə qarşı və ana dilində təhsil tələbinə dair şüarlarla bərabər türk kimliyi ilə əlaqədar plakatların geniş şəkildə nümayiş etdirilməsi diqqətləri cəlb etdi.

Kütləvi aksiyalarla paralel olaraq sosial şəbəkələrin güneyli istifadəçiləri etirazçıları “Azəri” olaraq təqdim edən mediaya təpki göstərməyə başladı. Təpkilərin ardından BBC Fars Televiziyası noyabrın 14-də artıq “azəri” deyil, “türk” sözündən istifadə edəcəyini bildirdi.

Bu səfər kimliyimizin doğru olaraq türk adlandırılması eləcə də, uydurma azəri sözünə qarşı təpkilərin ortaya qoyulmasını daha da konkret şəkildə gördük.
Oqtay Alptürk

Oktay Alptürk olanları İran Azərbaycanında türk fəalların əldə etdiyi önəmli uğur kimi dəyərləndirir:

“Bu səfər kimliyimizin doğru olaraq türk adlandırılması, eləcə də uydurma azəri sözünə qarşı təpkilərin ortaya qoyulmasını daha da konkret şəkildə gördük. Həm etirazlar, həm başqa törənlərdə artıq bu məsələnin əhəmiyyəti hər şeydən öncə gəlir.”

İran Azərbaycanında kütləvi aksiyalar - 9 noyabr 2015 (Urmiyə)
İran Azərbaycanında kütləvi aksiyalar - 9 noyabr 2015 (Urmiyə)

O, İran Azərbaycanında türk kimliyinin müxtəlif hallarda vurğulanmasının Pəhləvi rejimi dönəmindən bəri başlayan kimlik dəyişdirmə siyasətinə qarşı bir mücadilə olduğunu ifadə edir.

Onun söylədiklərinə görə, “İranın çağdaş tarixində kimlik dəyişdirmə və saxta kimlik yaratma siyasəti Pəhləvi dönəmindən bəri ciddi bir şəkildə ortaya qoyulmuşdur. Bu istiqamətdə iranlılıqşiəlikdən istifadə edilmiş və başlıca hədəfi də türklər və ərəblər olmuşdur. Çünki, onlar bu iki xalqın sözdə Ariya irqindən olmadıqlarına görə dillərini də yabançı bir dil kimi tanıyırlar... Ərəblərin sayı nisbətən az olduğuna görə onlara qarşı siyasətlərini yürütmək daha rahat olmuş, ancaq türklərə gəlincə çoxcəhətli və kompleks bir siyasət yürütmüşlər.... Zamanı gəlincə türklərin şiə olduğunu qullanıb onları incə şəkildə əritməyə və hətta öz varlıqlarına qarşı çalışmağa yönləndirmişlər.”

Sabiq siyasi məhbus Azərbaycan və İranın digər bölgələrində türklərə qarşı yürüdülən kimlik siyasətinin həmişə uğurlu olmadığını deyir:

Bizim toplumda kimliyimiz və adlarımız yasaq olmasaydı, türkcə adların sayı bundan artıq olmalı idi. Yəni biz adlarımızı türkcəyə dəyişərək sağlam bir toplumda olması gərəkəni edirik.
Oqtay Alptürk

“Bu siyasət hər zaman başarılı olmamışdır. Müasir tariximizdə də fars kimliyini tətbiq edən sistemlə türklər arasında ciddi qarşıdurmalar yaşanmışdır. Azərbaycan və İranın başqa bölgələrində türklərin bu son etirazlarını bu yöndə dəyərləndirmək olar.”

Rəsmi İranın türk yerinə “azəri” ya “türkdilli” ifadələrindən istifadə etdiyini “toplum mühəndisliyi” olaraq dəyərləndirən Alptürk kimliklərin və adların assimilyasiya etmək məqsədi ilə dəyişdirilməsini müstəmləkəçi qüvvələr tərəfindən yürüdülən klassik bir siyasət olduğunu önə çəkir.

“Hakim kolonial güclər bir toplumun kimliyini dəyişdirəndə ən başda adları dəyişdirirlər, bu, klassik bir metoddur... Bunu müstəmləkəçi güclər Afrika, Amerika və dünyanın hər tərəfində tətbiq etmişlər. Eyni zamanda kolonializmdən sıyrılmaq istəyən toplumlarda da ad dəyişdirməyə qarşı çıxmaq hər zaman bir mücadilə metodu olmuş və biz bu dirənişi İranda türklər başda olmaqla qeyri-fars millətlərin arasında görürük..,” deyə Kanadada mühacirətdə yaşayan fəal bildirir.

Oqtay Alptürk kütləvi aksiyalar və müxtəlif mərasimlərdə ad və kimlik dəyişdirmə siyasətinə qarşı geniş bir mübarizə aparıldığını, fəqət bu mövzuda ciddi araşdırmaların olmadığını ifadə edir:

"Mən türkəm, azəri yox" - Zəncan - 9 noyabr 2015
"Mən türkəm, azəri yox" - Zəncan - 9 noyabr 2015

“Bu mövzuda dünyada çoxlu kitablar və məqalələr yayınlanmış. Amma bizim toplumda, yəni Azərbaycan və İranın başqa bölgələrində yaşayan türklərə məxsus tədqiqatın yerini boş görürük. Türk mədəni və ulusal hərəkatının təsiri və gücü çoxaldıqca çoxları, özəlliklə də məlum kimlikləndirmə siyasətini yürüdənlər saxta adlara qarşı etirazları çürütmək üçün etiraz edənləri inadçılıq, fanatizm və boş işlərlə məşğul olan insanlar kimi göstərməyə çalışırlar. Bəzən fəallar arasında bunun təsir etdiyini də görürük. Doqmatik göstərilməsinlər deyə çoxlu mübahisələrdən uzaq durmağı tərcih edirlər... Bunun çarəsi bugünkü durumu anladan insani elmlər mövzulu analitik və tənqidi tədqiqatların çoxalmasıdır.”

Sovetlər Birliyinin zorakılıqla tətbiq etdiyi kimlik anlayışının hazırkı Azərbaycan Respublikası hakimiyyəti tərəfindən də qəbul edildiyini önə çəkən Alptürk güneyli fəalların da bundan təsir aldığını bildirir:

“Quzeydə artıq türk kimliyi yerini azərbaycanlı kimliyinə vermiş və Elçibəy dönəmi xaricində bu durumu dəyişdirməyə istək və iradə olmamış. Hakimiyyət də bunu qəbul edib... Bunun güneydə təsiri olmuşdur. Fəallar bəzən utancaqlıqdan, bəzən də aramıza ixtilaf düşməsin deyə görməzdən gəlməyə çalışırlar. Halbuki, biz yaxından bu rəsmi tarix yazma və dövlətlərin kimlik düzəltmə siyasəti, eləcə də bunun amacları və təhlükələrini çox yaxşı bilirik.”

Hakim kolonial güclər bir toplumun kimliyini dəyişdirəndə ən başda adları dəyişdirirlər, bu klassik bir metoddur... Müstəmləkədən azad olmaq istəyən toplumlarda da ad dəyişdirməyə qarşı çıxmaq hər zaman bir mücadilə metodu olmuş.
Oqtay Alptürk

Sabiq siyasi məhbus həmçinin özü daxil, bəzi güneyli fəalların fars və ərəb ad və ya soyadlarını dəyişdirib yerinə türk adı seçmələri ilə bağlı Amerikanın Səsinin sualını cavablandırıb.

“Əlbəttə, İranda adı rəsmi şəkildə türkcəyə dəyişdirmək olmur, amma fəallar türkcə adlardan istifadə edirlər. Mən Kanadanın demokratik mühitindən istifadə edərək rəsmi olaraq da adımı dəyişdirmişəm... Əsas məsələ budur ki, bizim toplumda kimliyimiz və adlarımız yasaq olmasaydı, türkcə adların sayı bundan artıq olmalı idi. Yəni biz adlarımızı türkcəyə dəyişərək sağlam bir toplumda olması gərəkəni edirik,” deyə Otay Alptürk söyləyir.

XS
SM
MD
LG