Accessibility links

Güneyli fəallar Ərdəbildə Abbas Lisanini ziyarət ediblər


Milli fəallar Ərdəbildə Abbas Lisanini ziyarət edib
Milli fəallar Ərdəbildə Abbas Lisanini ziyarət edib

Milli fəal Abbas Lisani Yəzd şəhərində sürgün hökmünə tabe olmaqdan imtinaq edərək, Ərdəbil şəhərinə qayıtdıqdan sonra İran Azərbaycanının müxtəlif şəhərlərindən milli fəallar onu ziyarətə gediblər.

"Abbas Lisani" Telegram kanalı yazıb ki, bir müddət əvvəl azadlığa buraxılmış siyasi məhbus Abbas Lisanini müxtəlif şəhərlərdən, o cümlədən Təbrizdən milli fəallar ziyarət ediblər.

Məhkəmə qərarına əsasən, Lisani 2 il Yəzd şəhərində sürgündə yaşamalı idi, lakin o, məhkəmənin bu qərarına tabe olmayaraq, Ərdəbilə qayıdıb.

"Abbas Lisani" Telegram kanalında onun hökmə qarşı itaətsizliyi ilə bağlı "Daha əvvəl qamçı kimi ədalətsiz hökmlərin icrasına mane olan və dəfələrlə fars dilində özünü müdafiə etməkdən imtina edən Azərbaycan türkcəsində özünü müdafiə edən bu milli fəalı Yəzd şəhərində 2 il məcburi yaşamaq cəzası hökmünə də əməl etməyəcəyini bildirib və Ərdəbilə qayıdıb" yazılıb.

Azərbaycanlı milli fəal fevralın 21-də ədliyyə sistemi "ümumi əfv sərəncamı" elan etdikdən sonra Ərdəbil həbsxanasından azad edilib və dərhal sürgün edilmək üzrə Yəzd şəhərinə köçürülüb.

O, əvvəlcə məhkəməyə, sonra isə Yəzd şəhərinin kəşfiyyat idarəsinə aparılıb. Milli fəal idarə proseduralarının bitməsindən sonra Ərdəbilə yola düşüb və nəhayət fevralın 23-də Ərdəbildə bir sıra milli fəallar tərəfindən qarşılanıb.

Ərdəbil həbsxanasında 4 ildən artıq həbsdə saxlanılan güneyli siyasi fəal Abbas Lisani iyul ayında Ərdəbil İnqilab Məhkəməsi tərəfindən müxtəlif ittihamlardan suçlanaraq 8 il həbs və İranın Yəzd şəhərinə 2 il sürgün cəzasına məhkum edilmişdi.

XS
SM
MD
LG