Accessibility links

2014-cü ilin sonunadək Azərbaycandan ABŞ-a birbaşa təyyarə reysi açılacaq


AZAL prezidenti Cahangir Əsgərovla ABŞ səfiri Riçard Morninqstarın görüşü
AZAL prezidenti Cahangir Əsgərovla ABŞ səfiri Riçard Morninqstarın görüşü

Məsələ “AZAL” prezidenti ilə ABŞ səfirinin görüşündə müzakirə edilib

“Azərbaycan Hava Yolları - AZAL” Qapalı Səhmdar Cəmiyyətində (QSC) ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ilə görüşdə Azərbaycandan ABŞ-a birbaşa təyyarə uçuşlarının başlanması məsələləri müzakirə edilib.

AzərTac dövlər agentliyinin məlumatına görə “AZAL”-ın prezidenti Cahangir Əsgərov ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən aviasiya təhlükəsizliyi sahəsində aparılan auditin nəticəsinə əsasən, Azərbaycana “1-ci dərəcə” statusunun verilməsini yüksək qiymətləndirib.

“Son illərdə milli aviasiya şirkətlərimizin maddi–texniki bazasının güclənməsi və alınan müasir hava gəmiləri hesabına təyyarə parklarının yenilənməsi, ümumiyyətlə bu sahədə görülən işlər Azərbaycan-ABŞ əlaqələrinin inkişafına təkan verəcək birbaşa reyslərin açılması zərurətini yaradıb. FAA-nın ölkəmizə “1-ci dərəcə” statusunu verməsi məhz ötən dövrdə Azərbaycanda aviasiya sahəsində görülən işlərin məntiqi nəticəsidir”, o qeyd edib.

QSC-nin prezidenti bildirib ki, Birləşmiş Ştatlara həyata keçiriləcək uçuşlar prezident Əliyevin milli aviasiyayaya göstərilən diqqətin təsdiqidir və iki ölkə arasında əlaqələrin daha da genişlənəcəyinə şərait yaradacaq. “Hazırda qarşıda müəyyən prosedurlar vardır. Bu prosedurlar da yekunlaşdıqdan sonra Azərbaycanın aviasiya şirkətləri ABŞ-a birbaşa uçuşlara başlayacaqdır”.

Səfir Morninqstar Azərbaycanın aviasiya şirkətlərini Birləşmiş Ştatlara birbaşa uçuşların həyata keçirilməsinə icazə verən “1-ci dərəcə” statusun əldə edilməsi münasibətilə təbrik edib: “Bütün bunlar ölkələrimiz arasında aviasiya sahəsində uğurlu əməkdaşlığın əyani sübutudur. Bu uğurun əldə olunmasında “Azərbaycan Hava Yolları”nın və Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının böyük əməyi var".

R.Morninqstar ümidvardır ki, ABŞ-a birbaşa uçuşların reallaşdırılması ilin sonunadək mümkün olacaq. “Bundan əlavə, müasir təyyarələrə malik “AZAL”-ın xidmət səviyyəsinin də yüksək olduğunu bildirməliyəm. Biz “AZAL”-ın ABŞ-a uçuşlarını səbirsizliklə gözləyirik”, səfir bildirib.

Ötən ilin əvvəlində FAA-nın müfəttişləri Azərbaycana dəvət edilib. 2013-cü ilin oktyabrından 2014-cü ilin yanvarınadək keçirilmiş iki auditin nəticəsində, müfəttişlər Azərbaycanda aviasiya sahəsində uçuşların təşkilinin və təhlükəsizliyinə nəzarətin səviyyəsinin “1-ci dərəcə”yə uyğunluğu barədə müsbət rəy verib. Bu il martın 7-də isə ABŞ Dövlət Departamenti Azərbaycanın aviasiya sahəsində uçuşların təşkilinə nəzarətin və təhlükəsizliyin səviyyəsinin “1-ci dərəcə” üzrə qiymətləndirilməsini rəsmən təsdiqləyib. Beləliklə, Azərbaycanın aviaşirkətləri ABŞ aeroportlarına müntəzəm hava əlaqəsi yaratmaq hüququ əldə edib.
XS
SM
MD
LG