Sentyabrın 24-dən “Azal” Azərbaycan Hava Yolları Bakı - Nyu-York - Bakı marşrutu üzrə uçuşlara başlayır. Uçuşlar Bakıdan həftənin 3-cü (çərşənbə) və 6-cı (şənbə) günləri, Nyu-Yorkdan isə həftənin 4-cü (çümə axşamı) və 7-ci (bazar) günləri həyata keçiriləcək. Bu barədə Amerikanın Səsinə Bakı Hava limanının məlumat bürosundan bildiriblər.
Bakıdan uçuşlar yerli vaxtla saat 6-da, Nyu-Yorkda enmə isə (Kennedi hava limanı) yerli vaxtla (Nyu-York vaxtı) saat 9.30-da nəzərdə tutulur. Əks-istiqamətdə uçuşlar saat 11.30-da həyata keçiriləcək, Bakıda enmə növbəti gün saat 8-də olacaq.
Aviareysi “Airbus-A 340” tipli hava gəmiləri həyata keçirəcək. Birbaşa uçuşların bir istiqamətdə müddəti 11 saat 30 dəqiqə olacaq.
Biletlər ilkin olaraq bir nəfərin bir tərəfə uçuşu üçün 614 manat 63 qəpik (783,66 dollar), gediş-gəliş üçün isə 979 manat 40 qəpikdir (1248,788 dollar). Biletlər avqustun 1-dən satışa çıxarılıb.