Accessibility links

"İran Azərbaycanına pəncərə" proqramının həftəlik xəbərlər icmalı


Cəmil Həsənlinin “Soyuq müharibənin dan yeri” kitabı ABŞ-da təqdim olundu

Noyabrın 28-də Vaşinqtonda Uilson mərkəzində Azərbaycanlı tarixşi Cəmil Həsənlinin Soyuq müharibənin dan yeri, İran Azərbaycanında sovet- Amerika krizisi kitabının təqdimatı keçirilib. Harvard universiteti tərəfindən çapa hazırlanan bu kitabda professor Həsənli soyuq müharibənin İran Azərbaycanından başladığını irəli sürür.

Pişəvəri hökumətinin süqutuna səbəb olmuş qərarların Azərbaycan xalqının tarixində və dünyada gedən proseslərə təsirinə də nəzər salan kitabda Sovet, Rusiya, Azərbaycan, Britaniya və ABŞ arxivlərindən sənədlər istifadə olunub. Naşirlərin fikrincə, bu, ingilis dilində bu qədər dəyərli arxivlərə əsaslanan ilk belə kitabdır. Kitab İran azərbaycanlılarının mədəni və dil ayrıseçkiliyinə məruz qalması ilə bağlı tarixi faktlara da işıq salır.

Qeyd edək ki, Harvard Universiteti müəllifin ikinci kitabını nəşrə hazırlayır. Bazar günü axşam Vaşinqtonda Cəmil Həsənlinin Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən təşkil olunan mühazirəsi keçiriləcək.

Beynəlxalq Amnistiya Reza Abbasinin azad olunmasını istəyir

Noyabrın 28-də Beynəlxalq Amnistiya təşkilatı İran Azərbaycanından olan jurnalist Reza Abbasinin qanunsuz həbsi ilə bağlı təcili tədbir kampaniyası başlayıb.

Reza Abbasinin siyasi məhbus olduğunu qeyd edən təşkilat onun oktyabr ayında hər biri altı ay olmaqla İran İslam Respublikasının liderini təhqir etmək və sistemə qarşı təbliğata görə üst-üstə 1 il həbs cəzasına məhrum edildiyini bildirir.

İstintaq və məhkəmə zamanı hüquqlarının pozulduğu bildirilən Reza Abbasi Azərbaycanlı Siyasi Məhbuslarıl Müdafiə Komitəsi ASMEK-in yaradıcılarından biri və İran Məzunlar Cəmiyyətinin üzvüdür. Amnesty İnternational İran hökumətini Reza Abbasini azad etməyə və siyasi repressiyalara son qoymağa çağırıb.

Beynəlxalq Amnistiya Əhvaz Ərəblərinə qarşı repressiyaları pisləyir

Təşkilatın bu həftə dərc etdiyi daha bir bəyanat Əhvaz ərəblərinə qarşı repressiyalarla bağlıdır. Əhvaz ərəblərindən olan bir neçə fəalın ölüm hökmünün icrasını gözlədiyini bildirən Beynəlxalq Amnistiya siyasi motivlərlə insanların həbsini, qeyri-insani cəza üsullarının tətbiqini pisləyir və dünya ictimaiyyətini bununla bağlı etirazını bildirməyə çağırır.

Təbriz Universitetində Xiyabani mərasimi

İranda Milli hüquqların pozulması şəraitində noyabrın 27-də Təbrizin Azad Universitetinin «Tələbə Məramı» təşkilatının təşəbbüsü ilə Şeyx Məhəmməd Xiyabaninin xatirəsini yad etmə mərasimi keçirilib. 1920-ci ildə İran Azərbaycanında yaranan «Azadistan Muxtar Cümhuriyyəti»nə başçılıq edən Şeyx Məhəmməd Xiyabani İran İslam Respublikası tərəfindən də mübariz ruhani və milli qəhrəman kimi tanınır. Azadlıq radiosunun xəbərinə görə, Təbrizdə Xiyabaninin yad etmə mərasimi rəsmi dövlət səviyyəsində yox, bir neçə fəal tələbənin yerli orqanlardan çətinliklə aldığı icazə nəticəsində keçirilib.

İran parlamentində Təbrizdən seçilən millət vəkili doktor Əkbər Ələmi, tanınmış din xadimi Höccət-ül-İslam Müslih və İran Azərbaycanının bir çox məşhur alim, yazıçı və şairi də bu mərasimdə iştirak edib.

Azərbaycan alimi Hüseyn Məhəmmədzadə Sədiq Təbriz Universitetində Azərbaycan dili kurslarının bərpa olunmasının vacibliyini vurğulayıb. Təbriz Universitetinin rektoru cənab Cavanpur Azərbaycan dili və ədəbiyyatı kurslarının bərpası üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

İran parlamentinin üzvü doktor Ələmi Azərbaycan fəallarının təqib və təzyiqinə kəskin etiraz edib. O, bildirib ki, son vaxtlar Azərbaycan fəallarını azadlıqdan məhrum etmək üçün onlara xüsusi pasport vermək və ya doğum vəsiqələrinə ştamp vurmaq fikirlərini irəli sürən başqa deputatlarla ciddi mübarizə aparacaq

Xoyda zəlzələ

Bu gün Qərbi Azərbaycan əyalətində Rixter Şkalası üzrə 4.4 bal gücündə zəlzələ baş verib. Mərkəzi Xoy şəhəri yaxınlığında olan zəlzələ nəticəsində zərər çəkənlər barədə hələ ki məlumat yoxdur.

İran və Azərbaycan Araz üzərində su elektrik stansiyası tikəcək

Azərbaycan respublikası enerji şirkəti bildirib ki, İran və Azərbaycan Araz çayı üzərində iki su elektrik stansiyasının tikilmçəsi barədə razılığa gəliblər. Onlardan birinin gücü 45 meqavat nəzərdə tutulub. Hər iki tərəfin Arazın suyundan bərabər istifadəsini nəzərdə tutulan layihələr ekoloji ekspertizdan keçməlidir.

XS
SM
MD
LG