Accessibility links

"İran Azərbaycanına Pəncərə" proqramının həftəlik xəbərlər icmalı


BMT İranda insan hüquqları barədə qətnamə qəbul edib

Noyabrın 22-də Kanadanın təşəbbüsü ilə BMT Baş Assambleyasının Üçüncü Komitəsində İranda insan hüquqları ilə bağlı qətnamə qəbul edilib. Qətnamədə İranda milli azlıqların hüquqlarının pozulduğu, qeyri-insani cəzaların tətbiq olunduğu vurğulanır.

Sənəddə İrandan kütləvi cəzalara, işgəncələrə, etnik, dini ayrı-seçkiliyə, azərbaycanlılara, ərəblərə, bəluclara, kürdlərə və başqa millətlərə qarşı təqiblərə son qoymaq tələb edilir.

Qətnamənin lehinə 70, əleyhinə 48 dövlət səs verib. Əleyhinə çıxış edənlər arasında Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırığızıstan, Tacikistan, Belarus və Rusiya da var.

İran BMT qətnaməsinə məhəl qoymayacağını deyir

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni qətnamənin Qərbin İrana ikili standartlarla yanaşdığını göstərdiyini deyib. İran rəsmisi İranın bu cür qətnamələrə fikir verməyəcəyini vurğulayıb. İranın BMT Baş Assambleyasının Üçüncü Komitəsindəki təmsilçisi Peyman Nastei isə bilirib ki, onun ölkəsi BMT Baş Assambleyasına Kanadada insan haqlarının pozulması ilə bağlı qətnamə təqdim edib.

İranda Azərbaycan əleyhinə aksiyalar

Bu arada İranda demək olar ki, günaşırı Azərbaycan əleyhinə aksiyalar keçirilib. Ötən həftədən başlayan və hətta Bakıda Məhəmməd peyğəmbər haqda xoşagəlməz ifadələr işlədən jurnalist Rafiq Tağının həbsindən sonra da səngiməyən aksiyalarda azərbaycanda dünyəvi dövlət quruluşunun əleyhinə şüarlar səsləndirilib. İran mətbuatı, parlament üzvləri və ruhanilər çıxışlarında azərbaycanlıları dünyəvi dövlət quruluşunun əleyhinə çıxış etməyə çağırıblar.

İranlı ayətullah jurnalisti öldürənə evini vəd verib

Ayətullah Morteza Bəni Fəzl Sənət qəzetinin yazarı Rafiq Tağını öldürən şəxsə evini bağışlayacağını bildirib.

Urmiyə Universitetində Azərbaycan konserti

İranda hüquq-mühafizə orqanlarının heç bir əngəl törətmədiyi şəraitdə keçən Azərbaycan əleyhinə aksiyalar fonunda noyabrın 21-də Azərbaycan Kültür Araşdırma Birliyi Urmiya Universitetinin tibb fakültəsində «Yazda qış» adlı konsert təşkil edib. Universitetdaxili təhlükəsizlik qüvvələrinin təzyiqinə və konsertin ləğvi üçün irəli sürülən təşəbbüslərə baxmayaraq, tədbir baş tutub. Tədbirdən əvvəl universitet rəhbərliyi tələbələrin konsert keçirməsinə qarşı çıxıb və onu millətçiliklə əlaqələndirib. Konsertin ləğvinə nail olunmasa da, tədbirdə səslənən bütün şeir, mahnı və çıxışların məzmunu qabaqcadan yoxlanıb və tələbələrə müəyyən edilmiş çərçivədən kənara çıxmamaq tapşırılıb.

Mustafa Əvəzpura pantürkçü olduğuna görə 11 ay cəza kəsilib

Ötən həftə oktyabrın 11-də zəmanətlə azadlığa buraxılmış Əvəzpur qardaşlarından biri Mustafaya hökm oxunub. İran məhkəməsi onu millətçilik və pantürkizmdə günahlandıraraq 11 ay həbs cəzasına məhkum edib.

XS
SM
MD
LG