Accessibility links

İran Azərbaycanına pəncərə proqramının həftəlik xəbərlər icmalı


Avropa Parlamenti İranda azlıqların hüquqlarının pozulmasından narahatdır

Noyabrın 16-da Avropa Parlamentinin plenar sessiyasının qapanışında İranda insan hüquqularının pozulmasını pisləyən qətnamə qəbul edilib. Sənəddə İranın səlahiyyətli nümayəndələri beynəxlaq ictimaiyyət tərəfindən qəbul edilən azlıqların dini etiqadlarına hörmət göstərilməsi və dini, habelə etnik zəmində kürd, azəri, ərəb və bəluclar kimi azlıqlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvinə çağırılır. Qətnamədə Avropa parlamentinin üzvləri Azərbaycanlıların hüquqları uğrunda mübarizəsinə görə təqiblərə məruz qalan bəzi fəalların taleyi ilə bağlı narahatlıqlarını bildiriblər.

Evin zindanında siyasi məhbuslara qarşı təxribat

Mediaforumun verdiyi xəbərə görə, noyabrın 15-də Tehranın «Evin» həbsxanasında ağır cinayətlər üstündə həbsdə yatan bir qrup məhbus siyasi dustaqlara hücum edib. Bu barədə Tehranda fəaliyyət göstərən Siyasi Məhbusları Müdafiə Komitəsi məlumat yayıb. Məlumatda bildirilir ki, həbsxanada yaranmış qarşıdurmada bəzi siyasi məhbuslar, o cümlədən doktor Nasir Zərəfşan, Səid Şahqələ, Qulam Kəlbi və Şahin Niya vəhşicəsinə döyülərək ağır bədən xəsarəti alıblar. Hücum çəkənlərə əvvəllər dövlət qulluqçusu olmuş, dövlət vəsaitini mənimsədiyi üçün zindana salınmış Seyid Cəlil Qərib adlı şəxs başçılıq edib. Həbsxana rəhbərliyi hadisələri kənardan müşahidə edərək işə qarışmayıb.

Təbrizdə Azərbaycan əleyhinə piket keçirilib

Mühacir Yenisəs onlayn dərgisinin verdiyi məlumata görə, çərşənbə günü Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu qarşısında keçirilən aksiyada piketçilər Azərbaycanı «Şimali İran» adlandırıblar. Piketə rəsmi səbəb kimi Azərbaycanın Sənət qəzetində Rafiq Tağöının yazdığı Avropa və biz məqaləsində Məhəmməd peyğəmbərin ünvanına işlədilmiş təhqiramiz ifadələr göstərilib. Lakin piketçilər Azərbaycan Respublikasının və hökumətini təhqir edən şüarlarla çıxış ediblər. Azərbaycanlıların hüquqları uğrunda hərəkatın Təbrizli fəalı Həsən Güneyli piket iştirakçılarının əsasən bəsic fars və ermənilərdən olduğunu iddia edir.

İran hökuməti Google-dan narazıdır

Ötən həftənin daha bir qalmaqalı Google portalında yüklənmiş Təbriz haqqında videomaterialla bağlı olub. Təbriz, Azərbaycan adlanan bu videofaylı müşayiət edən yazıda Təbriz şəhərinin Azərbaycana məxsusluğu, hazırda İranın tərkibində olduğu qeyd edilib ki, bu da İran rəsmilərinin qəzəbinə səbəb olub. İngiltərənin Qardian qəzetinin yazdığına görə İran rəsmiləri videofaylın götürülməsi üçün Googla təzyiq göstərməyə cəhd ediblər. Lakin qəzetin araşdırmasından bəlli olur ki, portal fərdlərin yüklədiyi videomaterialların siyasi kontekstinə görə məsuliyyət daşımır və portalın özünün müəklliflik etdiyi xəritələrdə Təbriz İran şəhəri kimi göstərilib.

Beynəlxalq Amnistiya Əsgər Əkbərzadənin həbsindən narahatdır

Azərbaycanlı tələbə Əsgər Əkbərzadənin bir neçə gün bundan öncə baş verən müəmmalı həbsi Beynəlxalq Amnistiya təşkilatının narahatlığına səbəb olub. Təşkilatın verdiyi bəyanatda onun Ettelaat zabitləri tərəfindən aparılması və işgəncə altında olması ehtimalı qeyd edilir. Təşkilat İran hökumətini tələbənin saxlandığı yeri açıqlamağa və onun ədalətli mühakimə hüququnu təmin etməyə çağırıb. Əsgər Əkbərzadə daha öncə May ayında həbs olunaraq 12 gün ETTELAATın təcridxanasında saxlanmışdı.

XS
SM
MD
LG