Vaşinqtondan Amerikanın səsi radiosunu dinləyirsiniz. Cümə axşamı Tehranda Baği Tuti deyilən yerdə 1905-1911-ci illər Məşrutə hərəkatının lideri Səttarxanın məzarı başında milli qəhrəmanın ölümünün ildönümü ilə bağlı İran hökuməti və Azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəalları ayrı-ayrılıqda xatirə mərasimləri keçirib. Tehranda yaşayan azərbaycanlı jurnalist, Yarpaq qəzetinin yazarı Səid Muğanlı tədbirdə 3000-ə qədər azərbaycanlının toplaşdığını bildirib.
Mərasimə qatılmaq üçün Təbrizdən Tehrana getmiş hərəkat fəalı Həsən Güneyli tədbir zamanı ETTELAAT işçilərinin məzarlıqda toplaşmalarına baxmayaraq, heç bir toqquşmanın olmadığını, lakin sonra bir neçə nəfərin həbs edildiyini deyir.
İran Azərbaycanlılarının hüquqları uğrunda mübarizəsi ilə tanınmış höccətülislam Əzimi Qədiminin ailəsindən aldığımız məlumata görə, həbsindən bir neçə saat sonra o azadlığa buraxılıb. Digər saxlanılanların taleyi barədə məlumat əldə etmək mümkün olmayıb.
Həsən Güneyli mərasim zamanı azərbaycanlı fəalların yalnız sülhməramlı şüarlar söylədiyini deyib.
Səid Muğanlının verdiyi məlumata görə, Səttarxanın məzarı başında öz mərasimlərini keçirən hökumət nümayəndələri Azərbaycan Respublikasının ünvanına xoşagəlməz fikirlər söyləyiblər.
Tam reportajı audio-formatda dinləyin