ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanında ABŞ və Rusiyada arasında keçirilən danışıqlar zamanı bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya qarşı üç ildir apardığı müharibəyə son qoymaq üçün “ədalətli” və “davamlı” həll yolu üzərində işləyir. O eyni zamanda, həm Moskvanın, həm də Kyivin sülhə nail olmaq üçün güzəştə getməli olacağını əlavə edib. Dövlət Departamentinin sözçüsü Tammi Brus bildirib ki, ABŞ və Rusiya “Ukraynada münaqişənin tez bir zamanda sona çatması istiqamətində işləməyə başlamaq üçün müvafiq yüksək səviyyəli komandalar təyin etmək” barədə razılığa gəliblər. Vaşinqtonda Hadson İnstitutunun baş elmi işçisi Riçard Vaytz Amerikanın Səsinə müsahibədə ABŞ və Rusiya arasında yüksək səviyyədə görüş və Birləşmiş Ştatların Ukraynada müharibəyə son qoymaq üçün səyləri haqda danışıb.
Amerikanın Səsi: ABŞ və Rusiya Ukraynada müharibə və ikitərəfli münasibətləri müzakirə etmək üçün Səudiyyə Ərəbistanında danışıqlar aparıb. Bu, Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra üç il ərzində ilk yüksək səviyyəli görüş idi. Dövlət katibi Marko Rubio bildirib ki, ABŞ Rusiyanın Ukraynada müharibəsinə “ədalətli və davamlı” son qoyulmasına çalışır. ABŞ-ın hazırkı strategiyası nədir və ABŞ bu müharibəni necə bitirmək istəyir?
Riçard Vaytz: Düşünürəm ki, administrasiya müharibəni bitirmək, eyni zamanda Avropanın təhlükəsizliyi, Yaxın Şərqin təhlükəsizliyi, silahlara nəzarət kimi digər məsələləri həll etmək üçün Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istədiyini açıq şəkildə bildirib. Onlar qəbul edirlər ki, bu problemləri həll etmək üçün Ukrayna böhranını həll etmək lazımdır. Lakin digər məsələlərlə bağlı hazırlıq işlərinə başlaya bilərlər. Ona görə də mən hesab edirəm ki, ideya bütün bu işçi qruplarını yaratmaqla diplomatik əlaqələr qurmağa başlamaqdan ibarətdir. Onlar Rusiyada daha bir neçə görüş keçirməyi və ABŞ rəsmiləri ilə Ukraynada sülh nizamlanmasının parametrlərini müzakirə etməyi planlaşdırırlar. Daha sonra isə avropalılar və ukraynalılarla indiyə qədər nə əldə edildiyi və onların necə töhfə vermək istədikləri müzakirə ediləcək.
Amerikanın Səsi: ABŞ-ın xüsusi nümayəndəsi Kit Kelloq prezident Zelenski ilə görüşmək üçün Ukraynaya səfər edib. Onun sözlərinə görə, ABŞ münaqişənin danışıqlar yolu ilə istənilən həllində Ukrayna üçün təhlükəsizlik qarantiyalarının vacibliyini qəbul edir. Ukrayna üçün əsas təhlükəsizlik qarantiyaları nədən ibarətdir? Birləşmiş Ştatlar hər hansı nizamlanmada gələcəkdə münaqişənin qarşısını almaq üçün hansı tədbirləri görməlidir?
Riçard Vaytz: Bu, Ukrayna hərbi qüvvələrinin güclü qalmasını təmin etməyi tələb edir. Son üç ildə [Ukrayna hərbi qüvvələrinin]ölçüsünü artırıldı, silahlar təkmilləşdirildi və müdafiə sənayesi inkişaf etdirildi. Bunun davam etdirilməsi. Ukraynanın yenidən Rusiya tərəfindən hücuma məruz qaldığı halda, müttəfiqlərin kömək edəcəyinə dair müəyyən razılaşmanın olduğuna əmin olmaq istəyirsiniz. Lakin prezident Tramp açıq şəkildə bildirib ki, o, ABŞ hərbi qüvvələrinin Ukraynaya yerləşdirilməsini nəzərdən keçirmir. Lakin o, Britaniya, Fransa və digər Avropa ölkələrinin qüvvələri və NATO-dan kənar formata açıqdır. Düşünürəm ki, müdafiə naziri Heqset bu məsələdə çox təfərrüatlı idi. Lakin ruslar buna etiraz etdilər. Beləliklə, onlar bu problemi həll etməli olacaqlar.
Amerikanın Səsi: Avropa ölkələri Ukraynaya təhlükəsizlik qarantiyalarının verilməsində irəli addım ataraq, lider rolunu oynamaq istəklərini ifadə ediblər. Avropa Ukraynanı ehtiyacı olanlarla təmin etmək üçün ABŞ-ı əvəz edə bilərmi?
Riçard Vaytz: Uzunmüddətli perspektivdə, bəli. Onlar indi bunu edə bilirlərmi? Mən bilmirəm. Onlar öz müdafiələrinə daha çox investisiya qoymalı və müdafiə sənayesini genişləndirməli olacaqlar. Onların əsgəri qüvvə kimi töhfəsi böyük olmayacaq. Lakin uzunmüddətli perspektivdə bu, şübhəsiz belədir.
Amerikanın Səsi: Bəzi ekspertlər hesab edir ki, Rusiyanın uzunmüddətli sülh prosesinə hazır olmadığına inandıqlarını bildirir və onlar sülhə nail olmaq üçün Rusiyanın təcavüzünə son qoymalı olduğunu vurğulayırlar. Bəziləri atəşkəsin davamlı olmaya biləcəyini düşünür. Sizin fikrinizcə, Moskvanın hesablamaları nədən ibarətdir?
Riçard Vaytz: Bu, belə ola bilər. Onlar indi bəzi güzəştləri təmin edib sonra hücuma başlaya bilmək qərarına gələ bilər, qüvvələrini bərpa etmək üçün bir müddət vaxt tapdıqdan sonra hücumu davam etdirə bilərlər. Lakin ruslar keçən həftə əslində onun rəğbətini qazandıqdan və bəlkə də ABŞ-ın heç bir prezidentindən görümədiyimiz daha güclü reaksiyasından sonra Trampı özlərinə qarşı qoymaq istəyib-istəmədiklərini götür-qoy etməli olacaqlar. Mən onu nəzərdə tuturam ki, ruslar Ukraynaya nəzarət etməyin Qərblə və digər məsələlərlə bağlı irəliləyiş əldə etməklə müqayisədə nə qədər əhəmiyyətli olduğuna qərar verməlidirlər. Mən hesab edirəm ki, ABŞ-ın strategiyasının bir hissəsi Ukrayna böhranını həll edə bilsək, faydalana biləcəyimiz digər məsələlərin olduğunu aydın etməkdən ibarətdir.
Amerikanın Səsi: Prezident Zelenski və Türkiyə prezidenti Ərdoğan Ankarada görüşərək, Türkiyənin Ukraynada münaqişənin sona çatmasında rolunu müzakirə ediblər. Türkiyə sülh danışıqlarında vasitəçi kimi hansı rolu oynaya bilər və Ukrayna üçün təhlükəsizlik zəmanətlərini necə gücləndirə bilər?
Riçard Vaytz: Türkiyə Ukraynanın mühüm müdafiəçisi olub. Ukraynanı silah və digər diplomatik dəstəklə təmin edib, lakin eyni zamanda Rusiya ilə də qarşılıqlı əlaqə qura bilib. [Türkiyə] Rusiyaya qarşı bir çox sanksiyalara qarşı çıxmır. Ukrayna və Rusiyaya Qara dəniz və Aralıq dənizi vasitəsilə taxıl ixracatını həyata keçirməyə imkan verən Qara dəniz ərzaq sazişinə töhfə verir. Türkiyə potensial vasitəçi kimi çıxış edir. Ola bilsin ki, avropalılar və amerikalılarla birlikdə bu səylərə töhfə verə bilər.
Forum