Təbrizdə yaşayan keçmiş siyasi məhbus və türk fəal Kərim İsmayılzadə fevralın 14-də Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15 saylı istintaq şöbəsinə son müdafiəsini təqdim etmək üçün çağırılıb. Çağırışın qeyri-rəsmi şəkildə və telefon vasitəsilə edildiyi bildirilir.
Bu barədə İsmayılzadəyə aid olduğu İnstagram səhifəsində məlumat verilib. Həmçinin, Demokratlar, Araz News və AZOH kimi media qurumları da bu barədə məlumat yayıblar.
Məlumata görə, onun məhkəməyə çağırılmasının son müdafiəsinin alınması məqsədi daşıdığı bildirilsə də, İsmayılzadə barəsində hər hansı cinayət işinin açıldığından xəbərsiz olduğunu və öncədən buna dair heç bir bildiriş almadığını bildirib.
Ümumiyyətlə, İranda məhkəməyə çağırış elektron sistem vasitəsilə və yazılı şəkildə həyata keçirilir. Halbuki, İsmayılzadə telefon vasitəsilə məhkəməyə çağırılıb.
Azərbaycanlı milli fəal və idmançı Kərim İsmayılzadə sentyabrın 5-də, 6 aylıq həbs müddətini başa vuraraq Təbriz Mərkəzi Həbsxanasından azad edilib.
O, Urmiyə gölünün qorunması ilə bağlı fəaliyyətlərinə görə həbs olunmuş, həbsdə olarkən müalicə və dərmanlardan məhrum qaldığı üçün mədə qanaması keçirmiş və aclıq aksiyası nəticəsində vəziyyəti ağırlaşmışdı.
Aprelin 17-də həbsxanaya köçürülən İsmayılzadə həbs müddətində ciddi çəki itkisinə məruz qalmışdı.
Forum