Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusunun iştirak etdiyi Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən “AMAN-25” çoxmillətli dəniz təlimi davam edir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Azərbaycanı təmsil edən sualtı hücum və sualtı müdafiə qrupları təlimin planına uyğun olaraq, yaşayış məntəqələrində antiterror əməliyyatları, açıq dənizdə gəmilərin zəbt olunması və müxtəlif ərazilərdə partlamamış mərmilərin və əldə düzəlmə partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə fəaliyyətlərin icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər”, məlumatda deyilir.
“Sülh naminə birlikdə” şüarı ilə keçirilən “AMAN-25” çoxmillətli təlimində dəniz xüsusi təyinatlıları qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirirlər.
Ötən ay Azərbaycan Ordusunun Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov Bakıda rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşif ilə görüşüb.
Görüşdə Azərbaycan və Pakistan Quru Qoşunları arasında təlimat sənədi imzalanıb.
“Azərbaycanla Pakistan arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə təcrübə mübadiləsinin aparılması üçün keçirilən birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb”, Müdafiə Nazirliyinin məlumatında deyilir.
Ötən ilin sentyabr ayında isə Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda “Sonsuz qardaşlıq - III” çoxmillətli xüsusi təyinatlı qüvvələrin birgə təliminin təntənəli açılış mərasimi keçirilib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən təlimə İordaniya və Qırğızıstan müşahidəçi qismində dəvət olunub.
Nazirlik təlimin yekununda xüsusi təyinatlı bölmələr yaşayış məntəqəsində qeyri-qanuni silahlı dəstənin aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim-döyüş əməliyyatı tapşırıqlarını yerinə yetirdiyini qeyd edib.
Forum