Accessibility links

Azərbaycan gəmiləri və 24 nəfər heyət üzvü Eritreya sularında saxlanılmaqda davam edir


Gəmilər (“Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı )
Gəmilər (“Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı )

“Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Eritreya dövlətinin ərazi sularında saxlanılan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri və onların heyəti ilə bağlı aparılan danışıqlar istiqamətində hələlik bir yeni xəbər yoxdur”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi Amerikanın Səsinin sorğusuna cavabda bildirib.

Belə ki, hər üç gəmi və heyət üzvləri hələ də Eritreya dövlətinin ərazi sularında saxlanılmaqdadır.

“Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı Amerikanın Səsinin sorğusuna cavabda bidlrib ki, bu şirkətin Azərbaycandakı filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri sahibkarlıq fəaliyyəti çərçivəsində Əbu-Dabi limanına yola düşüb və müəyyən edilmiş marşrut üzrə səfərin Süveyş kanalından keçməklə həyata keçirilməsi nəzərdə tutulmuşdu.

“Gəmilərin riskli piratlıq qaynar nöqtələrdən keçməsi nəzərdə tutulduğu üçün təhlükəsizliyin təmin edilməsinə ehtiyac yaranıb və bu məqsədlə gəmilərin mühafizəsini təmin etmək sahəsində ixtisaslaşmış müvafiq şirkət ilə müqavilə bağlanılaraq hər bir gəmi 2 nəfər olmaqla, hərbiləşdirilmiş mühafizə qrupları ilə təmin edilib. 2024-cü il noyabrın 7-də gəmilər Eritreya dövlətinin dəniz sahil xəttindən keçərkən hava şəraiti səbəbindən Eritreya dövlətinin ərazi sularına girməklə hərəkəti davam etdirmək qərarı verib və gəmi kapitanları tərəfindən ərazi sularına daxil olmaqla bağlı məlumatın çatdırılması üçün Eritreyanın təhlükəsizlik və sahil mühafizəsi qurumları ilə əlaqə saxlanılmasına çalışılıb, lakin cavab alınmayıb. Noyabrın 7-si Bakı vaxtı ilə saat 10.06 radələrində gəmidən əldə etdiyimiz hesabata əsasən, yuxarıda adı çəkilən hər üç gəminin Eritreya hərbi donanması xidməti tərəfindən saxlanıldığı məlum olub. Belə ki, Eritreya hərbi donanması xidmətinin tələblərinə uyğun olaraq gəmilər hərəkət kursunu dəyişərək Eritreya hərbi donanmasının təyin etdiyi məntəqəyə gəlib və lövbərdə dayandıqdan sonra hərbi donanmanın nümayəndələri tərəfindən yoxlama prosesinə cəlb edilib. Gəmilərdə 18 Azərbaycan vətəndaşı və 6 əcnəbi vətəndaş olmaqla, ümumilikdə 24 nəfər mövcuddur”, cavabda qeyd edilir.

Şirkətin məlumatına görə, ötən il noyabrın 7-də Azərbaycan Dövlət Dəniz və Liman Agentliyinə, Xarici İşlər Nazirliyinə rəsmi qaydada müraciət edilib.

Cavabda deyilir ki, gəmilərin sığortalanmasını həyata keçirən sığorta şirkətinin səlahiyyətləri nümayəndələrinə və Böyük Britaniyanın müvafiq hüquq şirkətlərinə də müraciətlər edilib və məsələnin həllinin tezləşdirilməsi üçün adı çəkilən təşkilatlar da əməkdaşlığa cəlb edilib.

“Aparılan danışıqların nəticəsi olaraq, Eritreya dövlətinin müvafiq qurumları ilə məsələnin həllinə nail olmaq üçün şirkətimiz tərəfindən səlahiyyətli nümayəndələr təyin edilib. Hazırda yoxlamanın yekunlaşması və gəmilərin sərbəst buraxılması üçün müvafiq sənədləşmə prosesi tamamlanmaq üzrədir”, “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı qeyd edir.

“Caspian Marine Services B.V.” şirkətinin filialı həmçinin bildirir ki, şirkətin səlahiyyətli nümayəndələri heyət üzvləri ilə daim sıx əlaqədədir və heyətin ərzaq təchizatı, eləcə də digər təchizat məsələlərində hər hansı problem mövcud deyil.

“Həmçinin, heyət üzvlərinin öz yaxınları ilə vaxtaşırı əlaqə saxlaya bilməsi üçün bütün texniki imkanlar şirkət tərəfindən təmin edilib”, şirkətin Amerikanın Səsinə cavabında deyilir.

Eritreya xarici işlər naziri Yemane Gebremeskel Amerikanın Səsinin məsələ ilə bağlı sorğusunu hələ ki, cavablandırmayıb.

“Caspian Marine Services BV” (CMS) Azərbaycan filialı Azərbaycanda fəaliyyətə 2006-cı ilin əvvəlində başlayıb, ofisri Azərbaycanın paytaxtı və əsas gəmiçilik mərkəzi olan Bakıda yerləşir. Bazasını Azərbaycanda yerləşdirməkdə əsas məqsəd Xəzər regionunda aparıcı dəniz operatorları və gəmi menecerlərindən biri olmaqdır. Elə həmin il CMS Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə strateji Alyans yaradıb.

Alyansın üzvü kimi CMS-ə ARDNŞ-nin nəzarətində olan bütün dəniz obyektlərinə və gəmilər parkına giriş imkanı verilib. 2014-cü ilin əvvəlində Azərbaycanda gəmiçilik sənayesinin yenidən qurulmasından sonra CMS Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (AXDG) ilə strateji müttəfiqlik yaradıb. Şirkət Amerika Gəmiçilik Bürosu (ABS) tərəfindən ISO 9001, ISO 14001, ISO 45001 və İSM Kodunun tələblərinə uyğunluğu xaricdən təsdiq edilmiş tam inteqrasiya olunmuş təhlükəsizlik, ətraf mühit və keyfiyyət idarəetmə sistemini (SEQMS) tətbiq edir.

Forum

XS
SM
MD
LG