Accessibility links

Azərbaycan vətəndaşlarının Eritreya sahillərində saxlanılması ilə bağlı nota verib


Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Eritreya sahillərində girov götürüldüyü bildirilir.

Azərbaycan Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) mətbuat katibi Pərvanə İmanova bildirib ki, 2024-cü ilin 7 noyabr tarixində "Caspian Marine Services B.V." şrikətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA -nə məlumat daxil olub.

"Dərhal agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib", o bildirib.

Onun sözlərinə görə, agentlik tərəfindən Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə Beynəlxalq Dəniz Təşkilatına (BDT), Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib", o qeyd edib.

Onun sözlərinə görə, eyni zamanda, Agentlik tərəfindən gəmilərin məxsus olduğu "Caspian Marine Services B.V." şrikətinin Azərbaycandakı filialı ilə mütəmadi danışıqlar aparılır.

“Şirkətdən bildirilir ki, gəmilərlə hər gün əlaqə saxlanılır, gəmilər vaxtı-vaxtında ərzaqla və digər tələbatlarla təmin edilir, heyətin ailələri ilə rabitə əlaqəsi üçün müvafiq köməkliklər göstərilir”, - Agentlik rəsmisi vurğulayıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) mətbuat xidməti bildirib ki, Afrikada saxlanılan gəmilər onlara məxsus deyil.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirib ki, Eritreyada girov götürülən gəmilərin heyət üzvlərindən 18-i Azərbaycan vətəndaşıdır, məsələ ilə bağlı nota verilib.

"7 noyabr 2024-cü il tarixində “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib", XİN-nin məlumatında deyilir.

Rəsmi məlumatda qeyd edilir ki, keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb.

Xarici İşlər Nazirliyi məsələni nəzarətə götürdüyünü qeyd edib.

"Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib", XİN-dən bildirilib.

Azərbaycan XİN məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirildiyini qeyd edib.

Eritreya dövləti hələlik açıqlama verməyib.

Forum

XS
SM
MD
LG