Dekabrın 15-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan azərbaycanlı milli fəallar Nima Radməniş və Hüseyn İsmailzadə Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.
Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, hər iki fəal hazırda həbsxananın karantin bölməsində saxlanılır. Onlara telefonla əlaqə saxlamaq icazəsi verilmir və həbsxanaya köçürülmələrinin dəqiq tarixi barədə məlumat açıqlanmayıb.
Dekabrın 22-də təhlükəsizlik qüvvələri Nima Radmənişin atasının evində axtarış aparıb. Axtarış zamanı Radmənişin mobil telefonu və kitabları müsadirə edilib.
Noyabrın 28-də Təbrizdə təhlükəsizlik qüvvələrinin türk fəallar Hüseyn İsmayılzadə və Nima Radmənişin həbsi üçün keçirdiyi əməliyyat uğursuz olmuşdu. Daha sonra, dekabrın 15-də təhlükəsizlik qüvvələri fəalların evlərinə daxil olaraq onları həbs edib.
Saxlanılan iki milli fəalın həbs səbəbləri və onlara qarşı irəli sürülən ittihamlar barədə hələlik məlumat açıqlanmayıb.
Son aylarda Təbrizdə milli fəallara qarşı təzyiqlərin artdığı müşahidə edilir. Bundan əvvəl, milli fəallar Cavid Nəzmi və Vəhid Əbhəri Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Vəhid Əbhəri zaminə buraxıldıqdan sonra kəşfiyyat agentləri dəfələrlə onun ailə üzvləri ilə əlaqə saxlayaraq, sorğu-sual üçün şöbəyə müraciət etmələrini tələb ediblər.
Forum