Bu günlərdə Təbrizdə Azərbaycan tarixini və folklorunu əks etdirən Azərbaycan türkcəsində səhnələşdirilən tamaşalar xalqın böyük marağı ilə qarşılanır.
“Səttarxan” tamaşası 22-30 dekabr, “Əsli və Kərəm” tamaşası isə 25-31 dekabr tarixlərində Təbrizdə səhnəyə qoyulmaqdadır. Sosial şəbəkələrdəki bəzi səhifələr “Səttarxan” tamaşasına böyük marağın olduğunu bildirir. Belə ki, bu tamaşanın 27 dekabr cümə günü iki seansda nümayiş etdirildiyi bildirilir.
Yaqub Sədiq Camalinin rejissorluğu və Əli Məratibinin prodüserliyi ilə səhnəyə qoyulan bu epik və siyasi janrda olan “Səttarxan” tamaşası XX əsrin əvvəllərində İran Azərbaycanında xalqın o dövrün avtoritar krallıq sisteminə qarşı apardığı mübarizəni və parlamentin qurulması uğrunda gedən mücadiləni əks etdirir. Tamaşada Zeynəb Paşa, Əli Misyo və Azərbaycan məşrutə hərəkatının digər liderlərinin fəaliyyətləri və mübarizələri səhnəyə çıxarılıb.
Tamaşanı izləyən yerli siyasi şəxslər arasında Şərqi Azərbaycan valisi Bəhram Sərməst və Təbrizin millət vəkili və keçmiş bələdiyyə başqanı olan Əlirza Novin də olub. Tamaşadan sonra Sərməst bu əsəri “dəyərli bir incəsənət əsəri” adlandıraraq bildirib ki, “Bu tamaşa və ona olan maraq xalqın öz tarixi və mədəniyyətinə sevgisini göstərir. Tamaşaçılar böyük coşqu və şüurla hisslərini ifadə etdilər və mən də bu hissləri onlarla paylaşdım.”
Əlirza Novin isə, tamaşa bitdikdən sonra səhnəyə çıxıb Səttarxanın sözlərindən birinə toxunaraq deyib ki, “Bu gün bir təbrizli və millət vəkili olaraq öyrəndim ki, Səttarxan yenidən mənə xatırlatdı ki, millətin vəkili olmalıyam, dövlətin deyil. Bu, çox böyük bir sözdür.”
O, həmçinin tehranlıların bu gün "demokratiya və azadlığı Azərbaycana borclu" olduqlarını ifadə edib. "Azərbaycan azadlıq və demokratiyanı İrana hədiyyə edib və bu gün deməliyik ki, əziz İran Təbriz və Azərbaycana borcludur.”
Bəzi Instagram istifadəçiləri Təbriz millət vəkilinin çıxışını cəsarətli adlandıraraq alqışlasa da, digərləri ölkənin hazırkı vəziyyətində "demokratiya və azadlıq"la bağlı bu sözlərini tənqid ediblər.
Təbrizdə “Səttarxan” tamaşası böyük rəğbətlə qarşılansa da, bəzi mübahisələrlə müşayiət olunub. Bəzi İranlı tənqidçilər tərəfindən bu teatr tamaşasında "İran" sözünün işlədilməməsi, mavi və qırmızı rənglərdən istifadə və Qarabağda da ifa olunan bir mahnıdan istifadə ilə bağlı iddialar gündəmə gəlib. Tasnim xəbər agentliyi tamaşada İran sözünün işlədilməməsi haqqında vilayətin İslami İrşad rəhbərinə bu barədə sual ünvanlayıb. Səlahiyyətli isə, bu iddia ilə bağlı heç bir rəsmi hesabatın təqdim olunmadığı və məsələnin daha geniş araşdırılmağa ehtiyacı olduğu bildirilib.
Digər tərəfdən, ictimai və romantik janrda olan “Əsli və Kərəm” tamaşası da Azərbaycan türkcəsində Təbrizdə səhnələşdirilir və geniş rəğbətlə qarşılanır. Şəhriyar Əhmədinin rejissorluğu ilə səhnələşdirilən tamaşa böyük marağa səbəb olub və nümayiş müddəti uzadılıb.
Forum