İranın Qərbi Azərbaycan və Həmədan vilayətlərində keçən bir həftə ərzində azı dörd məhkumun ölüm cəzasının tətbiq edildiyi bildirilib. Bir neçə edam məhkumu isə qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən əfv ediliblər.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Loqman Şəngə adlı bir məhkum dekabrın 23-də səhər saatlarında Urmiyənin mərkəzi həbsxanasında asılıb. Əslən Nəğədə (Sulduz) şəhərindən olan Şəngə 6 il idi narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar həbsdə idi.
Qərbi Azərbaycan vilayətinin Mahabad (Savcbulaq) şəhərində ayrı məhkəmə işlərində qəsdən adam öldürməkdə təqsir bilinən iki şəxsin qisas cəzası çərşənbə günü tətbiq edilib.
Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupu Savcbulaq həbsxanasında asılan məhkumların adlarını Rəhim Bərin və Camal Nəbürə olaraq açıqlayıb. Bərinin 9 il, Nəbürənin isə 2 il öncədən həbsdə olduqları bildirilib.
Çərşənbə günü bir məhkum da Həmədan şəhərinin mərkəzi həbsxanasında edam edilib. IHR qrupu 35 yaşlı Məhəmməd Şəmsüllahının bir neçə il əvvəl narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar edama məhkum olduğunu yazıb.
Keçən həftə ərzində həmçinin rəsmi agentliklər IRNA və IRIB Qərbi Azərbaycan və Həmədan vilayətlərində bir neçə məhkumun “qan sahibləri” (qətlə yetirilən şəxslərin ailələri) tərəfindən əfv edilərək edam cəzasından qurtulduğuna dair məlumat yayıblar.
İranda “qəsdən adam öldürmək”də təqsirli bilinən şəxslər qisasa məhkum olunur. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, İran qanunlarında qətl aktının dərəcələndirilməməsi səbəbilə niyyət, şiddət və şəraitə baxılmadan təqsirli bilinən bütün şəxslər ölüm cəzasına məhkum olunur. Təqsirləndirilən şəxs məhkum edildikdən sonra qurbanın ailəsindən qisas, diyə və əfv arasında seçim etmələri tələb olunur. “Diyə” şəriət qanunlarına görə hesablanan təzminat növüdür.
Forum