Accessibility links

ABŞ Senatı məsrəfləri maliyyələşdirəcək qanun layihəsini qəbul edərək, federal hökumətin bağlanmasının qarşısını aldı


ABŞ Senatında çoxluqda olan Demokratların lideri Çak Şumer federal hökumətin məsrəflərini maliyyələşdirən qanun layihəsinin qəbul edilməsini bayram edir. 20 dekabr, 2020
ABŞ Senatında çoxluqda olan Demokratların lideri Çak Şumer federal hökumətin məsrəflərini maliyyələşdirən qanun layihəsinin qəbul edilməsini bayram edir. 20 dekabr, 2020

ABŞ Senatı şənbə günü səhər tezdən ABŞ hökumətini mart ayına qədər maliyyələşdirəcək xərclər haqqında qanun layihəsini qəbul etdi.

Qanun layihəsinin təsdiq edilməsi və federal hökumətin bağlanmasının qarşısının alınması üçün, Konqresin hər iki palatası — Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası və Demokratların nəzarətində olan Senat — tərəfindən təsdiq edilməli idi.

Prezident Co Bayden cümə günü qanun layihəsini dəstəklədiyini və onu imzalayacağını bildirib.

Qanun layihəsində mart ayına qədər hökumətin maliyyələşdirilməsi, o cümlədən təbii fəlakətlərin vurduğu zərərin qarşılanması üçün 100 milyard dollar və fermerlər üçün 10 milyard dolların ayrılması nəzərdə tutulur. Qəbul olunan qanun layihəsinin son versiyasında borc tavanının artırılması müddəası çıxarılıb.

Qanun layihəsi bu həftə ərzində Nümayəndələr Palatasında iki uğursuz cəhddən sonra, nəhayət cümə günü 366 səs lehinə, 34 əleyhinə səslə keçdikdən sonra Senata gəlib. Qanunun əleyhinə səs verənlərin hamısı Respublikaçılar idi. Senatda şənbə günü səhər saatlarında keçirilən səsvermədə qanun layihəsi 85-11 səs çoxluğu ilə qəbul edilib.

Nümayəndələr Palatasının spikeri Mayk Conson, bu nəticədən məmnun olduğunu bildirərək, Donald Trampla danışdığını və onun da məmnun olduğunu əlavə edib.

Nümayəndələr Palatasında çoxluğa sahib olan Respublikaçılar, cümə günü yeni təkliflə bağlı öz aralarında razılığa gəliblər. Bu, bir gün öncə Tramp tərəfindən dəstəklənən və onun tələbi ilə borc tavanını artıran müddəanın olduğu qanun layihəsinin səsvermədə uğursuz olmasından bir gün sonra baş verdi.

Cümə günü bütün Demokratlar və əksər Respublikaçılar tərəfindən lehinə səs verilən və keçən qanun layihəsi, cümə axşamı səsverməyə çıxarılan qanun layihəsi ilə eyni idi. Yeganə fərq borc tavanı müddəasının çıxarılmasıdır.

Bu həftə Nümayəndələr Palatasının spikeri Conson üçün problemlər, Tramp və milyarder Elon Maskın aylar ərzində danışıqlardan sonra hər iki partiya tərəfindən razılaşdırılan qanun layihəsini tənqid etməsindən sonra başladı.

ABŞ tarixində hökumətinin ən uzun müddətə bağlanması, 2018-ci ilin dekabrından 2019-cu ilin yanvarına qədər, 34 gün davam edib. O zaman prezident olan Tramp, ABŞ-ın Meksika ilə sərhədi boyunca tikiləcək divar üçün vəsait ayrılmayan hər hansı bir qanun layihəsini imzalamaqdan imtina etmişdi. Bu addım onun etimad reytinqlərinə zərbə vurdu.

Forum

XS
SM
MD
LG