Azərbaycanlı milli fəal Behzad Xudabəndəli 17 dekabr tarixində İranın Ədliyyə Nazirliyinin elektron sistemi vasitəsilə bildiriş alıb. Bildirişə əsasən, o, Qoşaçay (Miyandab) şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 2 saylı Cinayət Məhkəməsi İcra Şöbəsinə çağırılıb. Ondan 10 gün ərzində məhkəməyə müraciət edərək 66 milyon rial məbləğində təyin edilmiş pul cəriməsini ödəməsi tələb olunub.
Bu çağırış, Qoşaçay şəhərinin 2 saylı Cinayət Məhkəməsi tərəfindən ona qarşı irəli sürülən "ictimai rəyi çaşdırmaq” və “yalan məlumat yaymaq" ittihamına görə çıxarılan hökmə əsaslanır. Hökmə görə, Behzad Xudabəndəli 66 milyon rial məbləğində cərimə ödəməyə məhkum edilib.Cərimə məbləği milli fəal tərəfindən ödənilib.
O, məhkəmə hökmünə əsasən, yalnız öz İnstagram səhifəsində bir neçə hekayə (story) paylaşdığı üçün "ictimai rəyi çaşdırmaq məqsədilə yalan məlumat yaymaq" ittihamı ilə üzləşmiş və pul cəriməsinə məhkum edilmişdi.
Qoşaçay şəhəri sakini olan siyasi fəal Behzad Xudabəndəli daha əvvəl, iyun ayında "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək", "ictimai rəyi çaşdırmaq məqsədilə yalan məlumat yaymaq" ittihamı ilə məhkəməyə çıxarılmışdı. Məhkəmə nəticəsində "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamı üzrə bəraət alsa da, digər ittihamlarla bağlı cərimələnmişdi.
Bundan əvvəl, 8 fevral tarixində təhlükəsizlik qüvvələri Xudabəndəlini həbs etməyə cəhd göstərmiş, lakin həbs həyata keçirilməmişdi. Daha sonra o, məhkəməyə çağırılaraq 300 milyon tümən girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı.
Behzad Xudabəndəli Qərbi Azərbaycan vilayətinin Qoşaçay şəhərində yaşayan və Azərbaycan türklərinin hüquqları uğrunda fəaliyyət göstərən milli fəaldır. O, əvvəllər də bir neçə dəfə təhlükəsizlik qüvvələri tərəfindən təqib və təzyiqlərə məruz qalıb.
Forum