Accessibility links

Təbriz, Zəncan və Qoşaçayda 6 məhbus edam edilib


İranda edam
İranda edam

Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərinin iki həbsxanasında qətl və narkotik cinayətləri ilə ittiham olunan 6 məhbusun edam hökmləri icra edilib.

İnsan haqları təşkilatlarının, o cümlədən HRA xəbər agentliyi və İran İnsan Haqları Təşkilatının (IHR) məlumatına görə, bu edamlar Təbriz Mərkəzi Həbsxanasında üç, Zəncanda bir və Miyandab (Qoşaçay) həbsxanasında isə iki məhbusla bağlı olub.

Dekabrın 3-də Təbriz Mərkəzi Həbsxanasında narkotik qaçaqmalçılığı ilə bağlı ittiham olunan Əbhər şəhərinin sakini Rəsul İbrahimi edam edilib. O, üç il əvvəl külli miqdarda narkotik maddə daşımaqda təqsirli bilinərək ölüm hökmünə məhkum olunmuşdu.

Həmin həbsxanada daha iki məhbus, Xəlil Həsənzadə və Abdullah Pənahi, qətl ittihamı ilə edam edilib. 33 yaşlı Xəlil Həsənzadə dörd il əvvəl qətl törətməkdə ittiham olunaraq həbs edilmiş və qisas cəzasına məhkum edilmişdi. Abdullah Pənahi isə altı il əvvəl kənd təsərrüfatı sahələrinin suvarılması ilə bağlı mübahisə zamanı ov tüfəngi ilə qətl törətdiyinə görə qisas hökmü ilə edam edilib.

Dekabrın 7-də Zəncan Mərkəzi Həbsxanasında bir qadının edam hökmü icra edilib.

37 yaşlı Amənə Əlipurun “qəsdən adam öldürmə” ittihamı ilə qisas cəzasına məhkum edildiyi və üç il əvvəl ərini öldürməkdə ittiham olunaraq həbs edildiyi bildirilib.

Dekabrın 11-də isə, Miyandab həbsxanasında daha iki məhbus, Qərbi Azərbaycan vilayətində yerləşən Qoşaçay şəhərinin Nəsirkəndi kəndindən olan Səccad Əzizi və İbrahim Vəlizadə edam olunub. HRA-nın məlumatına görə, hər iki şəxs kənddə mübahisə zamanı baş verən davada törədilən qətldə təqsirli bilinərək ölüm cəzasına məhkum edilmişdi.

İran Azərbaycanının kənd bölgələrində suyun paylanması və digər məsələlər bəzən münaqişələrə, bu münaqişələr isə dava-dalaşa və bəzi hallarda qətllərə səbəb ola bilir.

Mərkəzi Norveçdə olan İran İnsan Haqları Təşkilatının (İHR) yaydığı məlumata görə, ölkənin cinayət qanunvericiliyində qəsdən adam öldürmə ilə bağlı konkret təsnifatın olmaması, bu ittiham üzrə bütün halların ölüm hökmü ilə nəticələnməsinə gətirib çıxarır.

Amnesty International-ın hesabatına əsasən, 2023-cü ildə İranda ən azı 853 nəfər edam edilib. Bu, 2015-ci ildən bəri qeydə alınan ən yüksək göstərici olmaqla, 2022-ci illə müqayisədə edamların 48% artımını ifadə edir.

Edamlarla bağlı beynəlxalq narahatlıqlara baxmayaraq, İran hökuməti xüsusilə narkotik cinayətlərinə qarşı ölüm cəzasını geniş şəkildə tətbiq etməkdə davam edir. Lakin ölkədə nə narkotik maddə istifadəsində, nə də narkotik qaçaqmalçılığı cinayətlərində azalma müşahidə olunmayıb.

Forum

XS
SM
MD
LG