Son günlərdə İran Azərbaycanının şəhərlərində, o cümlədən Zəncan, Təbriz və Ərdəbildə dörd məhbusun edam hökmü icra edilib.
İran İnsan Haqları Təşkilatı (İHR) və HRA agentliyi kimi hüquq müdafiə orqanlarının yaydığı məlumata görə, edamlar noyabrın 17-dən 20-dək olan müddətdə həyata keçirilib.
17 noyabrda Zəncan həbsxanasında təcavüz ittihamı ilə məhkum edilmiş Fərəc Sərmədi adlı məhbus edam edilib. Həmin gün Parsabad həbsxanasından Ərdəbil Mərkəzi Həbsxanasına köçürülən və qəsdən adamöldürmə ittihamı ilə məhkum edilmiş Şəhruz Əlimurad da edam edilib.
20 noyabrda Təbriz Mərkəzi Həbsxanasında narkotik cinayətləri ilə əlaqədar ittiham olunan iki məhbus - Zəncanın Əbhər şəhərindən Məcid Talıbian və Təbrizin ətraf kəndlərindən Mürtəza Danişvər edam edilib. Bu şəxslər təxminən üç il əvvəl həbs edilmiş və məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum edilmişdilər.
Norveçdə yerləşən İnsan Haqları Təşkilatının (İHR) məlumatına görə, son dörd ildə İranda narkotik qaçaqmalçılığı ilə bağlı edam hökmlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Təşkilatın açıqladığı hesabatda bildirilir ki, 2022-ci ildə bu ittihamlarla 256 nəfər edam edilmişdisə, 2023-cü ildə bu rəqəm 84% artaraq 471-ə yüksəlib.
İranda narkotik cinayətləri ilə bağlı edamların artmasına baxmayaraq, bu tədbirlərin narkotik istifadəsinin azalmasına ciddi təsir göstərmədiyi müşahidə olunur. Rəsmi məlumatlara görə, İran əhalisinin təxminən 5%-i narkotik istifadəçisidir. Bundan əlavə, İran mediasında yayımlanan bir araşdırmanın nəticəsinə əsasən, ölkə əhalisinin 12%-i narkotikdən istifadəyə meyllidir. İnsan haqları müdafiəçilərinin fikrincə, İranda ölüm cəzasının artması narkotiklə bağlı cinayətlərin azalmasına nəzərəçarpan təsir göstərmir.
Forum