Accessibility links

Azərbaycanda yanvarın 29-na bələdiyyə seçkiləri təyin edilib


Seçki qutusu
Seçki qutusu

Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 27-də keçirilən iclasında qərar qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov siyasi partiyaları bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıb.

“Mən siyasi partiyalara xüsusi müraciət edirəm ki, bələdiyyə seçkilərində fəal iştirak etsinlər. Biz Mərkəzi Seçki Komissiyası olaraq namizədlərin seçkilərdə fəal iştirak etməsi üçün qanunvericiliyin tələblərinə uyğun zəruri imkanları yaradacağıq”, o qeyd edib.

“Seçki Məcəlləsi”nin tələblərinə əsasən bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir. Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.

Bələdiyyə seçkiləri
Bələdiyyə seçkiləri

Müsavat Partiyasının Məclis sədri Arif Hacılı Amerikanın Səsinə deyib ki, mövcud qanunvericiliyə göyə bələdiyyə sekiləri bu il dekabrın 23-də keçirilməli idi.

“Azərbaycan hakimiyyəti heç bir izahat vermədən və qanunlarda hər hansı dəyişiklikləri müzakirəyə belə çıxartmadan seçkiləri vaxtında təyin etmədi. Bununla da səlahiyyət müddəti bitmiş bələdiyyələr vaxtından artıq fəaliyyətdə oldular. Bu da Konstitusiya və Seçki Məcəlləsinin tələblərinin pozulması deməkdir”, o qeyd edib.

Hacılı həmçinin bildiriib ki, indi kimin və ya hansı qurumun təşəbbüsü, təşkilatçılığı bilinmədən, cəmiyyətə heç bir izahat vermədən ölkə üzrə bələdiyyələrin əraziləri dəyişdirilib, bəzi bələdiyyələr birləşdirilib, yeni bələdiyyələr yaradılıb.

“Bütün bu baş verənlər həm bələdiyyələrin əhəmiyyətini, həm də cəmiyyətin bələdiyyə seçkilərinə marağını azaltmaq məqsədi daşıyır”, partiya Məclisinin sədri deyib.

Oktyabrın 18-də Prezident İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. Qanuna əsasən ölkədəki mövcud 1400 bələdiyyənin birləşdirilərək ümumi sayının 685-ə endirilməsi təsdiqlənib.

Azərbaycanda indiyə qədər 6 bələdiyyə seçkisi keçirilib. Seçkilər 1999, 2004, 2009, 2011, 2014 və 2019-cu illəri əhatə edir.

Forum

XS
SM
MD
LG