Accessibility links

Amnesty International: COP29 iqlim maliyyəsi hədəfi milyardlarla insanın hüquqlarını riskə atacaq


COP29 məkanında ekofəalların “Ödəyin!” şüarı ilə aksiyası
COP29 məkanında ekofəalların “Ödəyin!” şüarı ilə aksiyası

Amnesty International COP29-un yekunlarına dair bəyanatında qeyd edir ki, “gülünc” yeni iqlim maliyyəsi hədəfi milyardlarla insanın hüquqlarını riskə atacaq, qlobal bərabərsizlikləri davam etdirəcək.

Noyabrın 24-də başa çatan konfransın yekununda az gəlirli ölkələrin iqlim dəyişikliyi ilə mübarizəsi üçün ildə minimum 300 milyard ABŞ dolları məbləğində maliyyə hədəfi təsdiq edilib.

Amnesty International bildirir ki, bu məbləğ bir çox yoxsul ölkələrin və fəalların tələb etdiyi minimum məbləğin dörddə birindən azdır.

“Dünyanın zəngin ölkələri builki iqlim konfransını aşağı gəlirli ölkələri onları böyük borca soxa biləcək xəsis maliyyə sazişini qəbul etməyə sövq etməklə keçirdilər. Yüksək gəlirli ölkələr və Azərbaycan sədrliyi özlərini ucadan təbrik edirlər, lakin heç bir şey bu sazişin artan iqlim təsirlərinin önündə olan insanların və icmaların insan hüquqları üçün bir fəlakət olduğunu gizlədə bilməz”, təşkilatın iqlim ədaləti üzrə müşaviri Ann Harrison deyib.

Bəyanatda vurğulanır ki, insan hüquqlarının iqlim dəyişikliyinin zərərlərindən qorunduğu bir dünyaya doğru irəliləmək əvəzinə, COP29-un nəticəsi həmişəki kimi mənfəət məqsədi daşıyan biznesə yaşıl işıq yandırır. Bu isə müstəmləkəçilikdən qaynaqlanan zərərləri davam etdirəcək və iqlim dəyişikliyinin səbəb olduğu iztirabları daha da pisləşdirəcək.

Amnesty International inkişaf etmiş ölkələri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) və Paris sazişindən irəli gələn öhdəliklərini pozmaqda günahlandırıb.

Beynəlxalq insan hüquqları təşkilatı konfransa sədrlik edən Azərbaycanı da tənqid edib.

Müəlliflərin fikrincə, danışıqların bəzi aspektlərində iştirak və şəffaflıq kimi fundamental insan hüquqları prinsiplərinə riayət olunmayıb. Bundan əlavə, Azərbaycan hakimiyyətinin intensiv nəzarəti vətəndaş cəmiyyəti arasında güclü özünüsenzuraya səbəb olub, bir çox nümayəndələr qisas tədbirlərindən qorxaraq ev sahibi ölkənin adını belə çəkməkdən çəkiniblər.

“Konfransda Azərbaycandan müstəqil səslər yox idi, bir çox fəal və jurnalistlər ya dəmir barmaqlıqlar arxasında, ya da sürgündədirlər. COP29-a rəsmi giriş icazəsi verilmiş bir neçə şəxs Amnesty International-a qisas tədbirlərindən qorxduqları üçün konfrans məkanında danışmaqdan qorxduqlarını dedilər”, bəyanatda vurğulanır.

Amnesty International həmçinin bildirir ki, təşkilatın nümayəndələri Azərbaycanda olarkən həbsdə olan fəallar və jurnalistlərlə görüşmək istəyib, lakin buna icazə verilməyib.

Forum

XS
SM
MD
LG