Accessibility links

Azərbaycan COP29-da müzakirələrlə bağlı bəyanatla çıxış edib


BMT-nin COP29 iqlim dəyişikliyi konfransı (Bakı, Azərbaycan)
BMT-nin COP29 iqlim dəyişikliyi konfransı (Bakı, Azərbaycan)

“COP29 çərçivəsində iqlim maliyyələşdirməsinin illik 250 milyard dollara çatdırılması təklif edilir”.

Bu barədə COP29 sədrliyinin bəyanatında deyilir.

"İl boyu COP29 sədrliyi inkişaf etməkdə olan ölkələrin tərəf dövlətlər olaraq ehtiyaclarını və prioritetlərini nəzərə alaraq, ədalətli və iddialı yeni iqlim maliyyələşməsi hədəfinə nail olmağa çalışıb. Biz geniş və inklüziv məsləhətləşmə prosesi keçirdik və bu proses səhər saatlarına qədər davam edib.

Biz bütün qruplara dünən səhər dərc etdiyimiz mətnlər paketinə reaksiya vermələri üçün imkan yaratdıq və onlara konstruktiv iştiraka görə təşəkkür edirik. Məsləhətləşmələr zamanı ifadə olunan fikirləri və dünən keçirilən Qurultayda Tərəflərdən eşitdiklərimizi nəzərə alaraq, yenilənmiş mətnlər hazırladıq.

Bu mətnlər COP29 üçün balanslaşdırılmış və optimallaşdırılmış bir paket təşkil edir. COP29 sədrliyi Tərəfləri bu mətni diqqətlə oxumağa və qalan bir neçə variant üzrə konsensus əldə etmək yolunda irəliləməyə çağırır", sənəddə qeyd edilir.

Bəyanata əsasən, tərəflərin təkliflərinin ilkin nəzərə alınması çərçivəsində Yeni Kollektiv Kəmiyyət Hədəfi üzrə qərar inkişaf etməkdə olan ölkələr üçün bütün dövlət və özəl mənbələrdən iqlim tədbirləri üçün maliyyələşmənin 2035-ci ilə qədər illik ən azı 1,3 trilyon ABŞ dollarına çatdırılması üçün birgə işə çağırır.

"Bundan əlavə, inkişaf etmiş ölkələrin təkliflərini nəzərə alaraq, qərar inkişaf etməkdə olan ölkələrdə iqlim təşəbbüslərini dəstəkləmək üçün hazırda inkişaf etmiş ölkələrin iştirakı ilə səfərbər edilən illik 100 milyard ABŞ dollarından 2035-ci ilə qədər 250 milyard ABŞ dollarına qədər artım nəzərdə tutur.

Biz Tərəflərlə sıx əməkdaşlıq edərək, hələ həll edilməmiş bir neçə vacib məsələ üzrə son düzəlişlər üçün kollektiv razılaşmaya nail olmaq üzərində işləməyə davam edəcəyik. Məqsədimiz bütün Tərəfləri maksimum iddialı nəticəyə nail olmağa motivasiya etmək üçün inklüzivlik və şəffaflığı qoruyaraq, yorulmadan çalışmaqdır", bəyanatda vurğulanır.

Bununla yanaşı COP29 çərçivəsində tərəflərin iqlim maliyyələşməsi ilə bağlı yekun qərara gəlinməsi barədə hələ rəsmi məlumat yayılmayıb.

Noyabrın 21-də BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, “fikir ayrılıqları qalır və müzakirələri sona çatdırmaq üçün ciddi təkan lazımdır”.

"Biz inanırıq ki, heç bir ölkə bu danışıqlardan nəticəsiz ayrılmayacaq. Mən danışıqçı olmasam da, hiss edirəm ki, ölkələr indiki halda öz mövqeyində qalır. Yekun razılaşmanın əldə olunması üçün hər kəs gücünü birləşdirməli və səyləri artırmalıdır. Elmi mülahizələr də onu deməyə əsas verir ki, 1,5 dərəcəlik iqlim hədəfinə nail olunmaqdan başqa çıxış yolu yoxdur. Beləliklə, reallıq dəyişməz olaraq qalır. Yəni, tərəflərin yekun sənədin müddəaları üzrə razılığa gəlməsi son dərəcə önəmlidir", o qeyd edib.

Forum

XS
SM
MD
LG