BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) həlledici məqama yaxınlaşır, razılaşma hiss olunur.
Bu barədə noyabrın 21-də Bakıda COP29 çərçivəsində keçirilən mətbuat konfransında BMT-nin Baş katibi Antonio Quterreş bildirib.
Bununla yanaşı Baş katib deyib ki, “fikir ayrılıqları qalır və müzakirələri sona çatdırmaq üçün ciddi təkan lazımdır”.
"Biz inanırıq ki, heç bir ölkə bu danışıqlardan nəticəsiz ayrılmayacaq. Mən danışıqçı olmasam da, hiss edirəm ki, ölkələr indiki halda öz mövqeyində qalır. Yekun razılaşmanın əldə olunması üçün hər kəs gücünü birləşdirməli və səyləri artırmalıdır. Elmi mülahizələr də onu deməyə əsas verir ki, 1,5 dərəcəlik iqlim hədəfinə nail olunmaqdan başqa çıxış yolu yoxdur. Beləliklə, reallıq dəyişməz olaraq qalır. Yəni, tərəflərin yekun sənədin müddəaları üzrə razılığa gəlməsi son dərəcə önəmlidir".
Quterreşin sözlərinə görə, COP29-da müzakirə edilən məsələ Braziliyada keçirilən G20-nin gündəliyinin mühüm hissəsi olub.
"Bütün həll olunmamış məsələlər üzrə yeni maliyyə hədəfinə əsaslanan iddialı və balanslaşdırılmış paketə nail olmaq lazımdır. Uğursuzluq variant deyil", o qeyd edib.
Baş katib hesab edir ki, Bakıda razılıq olmasa, milli iqlim planlarının hazırlanması ambisiyaları təhlükə altında ala bilər.
O bildirib ki, bu, qaçılmaz olaraq Braziliyada COP30-un uğurunu çətinləşdirəcək.
"Bakıda ambisiyalı yeni iqlim maliyyələşdirmə hədəfi barədə aydın Sazişə ehtiyacımız var. Bu hədəf öz müxtəlif komponentləri vasitəsilə inkişaf etməkdə olan ölkələr üçün lazım olan maliyyəni səfərbər etməlidir”, o qeyd edib.
Baş katib hesab edir ki, Paris Sazişinə fokuslanmış beynəlxalq əməkdaşlıq iqlim fəaliyyəti üçün zəruridir.
"Geosiyasi fikir ayrılıqları və qeyri-müəyyənlik fonunda dünya ölkələrinin birləşməsinə ehtiyac duyulur".
O, nazirlərə və danışıqlar aparanlara müraciət edib.
"Sizin hər biriniz tutduğunuz sərt mövqeni yumşaltmalısınız. Çünki bəşəriyyət üçün etibarlı və layiqli həyat səviyyəsinin təminatı məhz bundan keçir. Onu da bildirmək istəyirəm ki, razılaşdırılması tələb olunan vəsait təkcə maliyyə vasitəsi deyil, həm də gələcəyin təbii fəlakət və dağıntılardan qorunmasına imkan verəcək investisiyadır. Biz bunu həmçinin, ayrı-ayrı ölkələrin çiçəklənən gələcəyə yatırılan sərmayəsi kimi başa düşürük. Ötən həftə çoxtərəfli inkişaf bankları aşağı və orta səviyyəli gəliri olan ölkələrə ayrılacaq iqlim maliyyəsinin məbləğinin artırılması barədə qərar qəbul edib. Yeni qərarla bu rəqəm 2030-cu ilədək 120 milyard dollara çatdırılacaq. Bundan əlavə, daha 65 milyard dollar özəl sektorun hesabına cəlb olunacaq", o qeyd edib.
Forum