Bu yaxınlarda Almaniyanın Hamburq Universitetində “İranda Davamlı Demokratiyanın Formalaşmasında Azərbaycanın Rolu” adı altında ikinci konfrans təşkil olunub.
Konfransın təşkilatçılarından olan Azərbaycan Demokrat Partiyasının sözçüsü Simin Səbri Amerikanın Səsi ilə söhbətində tədbirin mahiyyəti və hədəfləri haqqında danışıb. Səbri deyib ki, konfransın hədəfi boykota uğrayan Azərbaycan hərəkatı və türklərə bir tribun, eləcə də İran müxalifətinin “mütərəqqi” qüvvələrlə əlaqə üçün bir körpü təşkil etməkdir.
Hamburq konfransında fərqli siyasi qrupların iştirakçıları tərəfindən “İranda türklərin məruz qaldığı milli zülm”, “İranda dil siyasətinin demokratikləşdirilməsi”, “Yerli səviyyədə qadınlara yardım”, “Muxtariyyət məsələsi”, “İran qadın hərəkatının ayrı-seçkiliyə qarşı olan bir feminizmə ehtiyacı” və “İranda mərkəzləşdirilməmiş federal hökümətin zərurəti” kimi başlıqlar altında məruzələr təqdim olunub.
Simin Səbrinin dediklərinə görə, “söz verdiyimiz kimi bu, yenə də eyni başlıq altında yəni, Azərbaycan və Davamlı Demokratianın Formalaşma Sürəci adı ilə ikinci konfrans idi ki, bu dəfə Hamburq Universitetində keçirdik. Konfransa qatılanlardan bir qisminin söhbətləri yazılı formada yayılıb, bir qismi də edit olunmaqdadır. Bir qismi də Türk Qadınlar Mərkəzində yayılıb çünkü, qadın məsələlərinə çox toxunublar.”
Səbri konfransın müxtəlif partiyalar və ya dərnəklər, eləcə də müstəqil fəallardan ibarət olan iş qrupu tərəfindən təşkil olunduğunu deyib.
“Bu konfrans üçün zəhmət çəkənlər və söz verdiyimiz kimi ildə iki dəfə, baharda və payızda yola salınmasını hədəf tutanlar həm bir qrup şəxslərdir ki, mənim kimi partiya məsnubiyyətləri də var, bir qrup da tamamən müstəqil şəxslərdir. Bir də Almaniyada müxtəlif kültür ocaqlarında fəal olan əzizlərimiz var. Bunun heç bir partiya ilə, o cümlədən bizim partiya ilə birbaşa əlaqəsi yoxdur. Baxmayaraq ki, bizim partiyanın (Azərbaycan Demokrat Partiyası) üzvləri də orada olduqca fəal olublar,” siyasi fəal bildirib.
Səbri bu konfransların bir hədəfinin iranlı siyasi kəsimlər və media tərəfindən türklər və Azərbaycan Hərəkatına qarşı tətbiq edilən boykotu qırmaq olduğunu vurğulayıb:
“Biz belə düşündük ki, Azərbaycan hərəkatı və türklər olaraq istiqlalçı olsunlar və ya federalist, İran müxalifəti tərəfindən böyük bir boykot görürük. Mediamız yoxdur. Maddi yardımlar da sıfır həddində. Düşündük ki, bizim özümüzün yola sala biləcəyimiz nə imkanlar var? Biz necə meydanda ola bilərik? Biz əl atdıq öz maddi imkanlarımıza, enerjimizə və vaxtımıza ki, bunları müəyyən bir konfrans üçün sərf edə bilərik ki, ardıcıl olaraq ənənə halına gətirək və bu, yavaş-yavaş bir tribun olsun.”
Simin Səbri konfransların həmçinin İran müxalifətinin “mütərəqqi” qüvvələri ilə türk fəallar arasında körpü ola biləcəyini ifadə edib.
“Bir körpü düzəldək ki, türklərdən əlavə İranın mütərəqqi müxalifətindən demokratik, sekular və xüsusən millətlərin hüquqlarını müdafiə edən qüvvələr də gəlsin... Bizim bu konfranslarda hədəfimiz bu meydanı yaratmaqdır ki, dialoq olsun və hətta bir-birlərinə meydan oxuyan məruzəçilərin də burada təşrifi olsun” - deyə, siyasi fəal əlavə edib.
Forum