Dünyanın müxtəlif ölkələrindən rəsmilər Bakıda BMT-nin COP29 iqlim konfransına toplaşdığı vaxt vətəndaş cəmiyyəti qrupları diqqəti Azərbaycanda insan hüquqları ilə bağlı durum və ölkədə ondan çox jurnalistin həbsinə yönəldirlər. COP29 sammitindən öncə Jurnalistləri Müdafiə Komitəsi ondan çox digər təşkilatla birlikdə Avropa liderlərini Azərbaycanda insan hüquqlarının vəziyyətini diqqətlə öyrənməyə çağırıb. Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said Amerikanın Səsinə müsahibədə Azərbaycanda jurnalistlərin həbsləri və təşkilatın onların azad edilməsi istiqamətində göstərdiyi fəaliyyətlər haqda danışıb.
Amerikanın Səsi: Jurnalistləri Müdafiə Komitəsi və bir sıra digər təşkilatlar Avropa liderlərini Azərbaycanda insan hüquqlarının vəziyyətini diqqətlə öyrənməyə çağırıb. Avropa liderlərinin diqqətinə hansı məsələləri çatdırmağa çalışmısınız?
Gülnoza Said: Biz təkcə Avropa liderləri və Avropa İttifaqı institutları ilə deyil, həm də ABŞ hökuməti və Konqres üzvləri ilə işləyərək, müdafiə sahəsində fəaliyyət göstəririk, çünki bilirik ki, onların bir çoxu COP29-un açılışı üçün Bakıdadır.
Əvvəla onu qeyd etmək istəyirəm ki, Azərbaycan kimi mətbuat azadlığı və insan haqları sahəsində çox pis göstəricilərə malik bir ölkənin BMT-nin iqlim dəyişikliyi konfransı kimi mühüm tədbir keçirməsi və ona ev sahibliyi etməsi qətiyyən yolverilməzdir.
Biz müdafiə fəaliyyəti ilə məşğul olduqda və ABŞ Konqresinin bəzi üzvləri, eləcə də Vaşinqtonda və Brüsseldə digər rəsmilərə müraciət edəndə onlara mesaj vermək istəyirik ki, Azərbaycan rəsmiləri ilə təmaslarında mətbuat azadlığı və insan hüquqları sahəsində pozuntular kimi bütün məsələləri qaldırmalıdırlar. Buraya rekord sayda jurnalistin həbsdə olması və Azərbaycan rəsmilərinin COP29-dan əvvəl son 12 ayda jurnalistləri həbs etməsi və onlara qarşı ittiham irəli sürməsi daxildir.
Biz həmçinin bu rəsmiləri Azərbaycan prezidenti İlham Əliyev hökumətinə müstəqil fikir söyləyən və hakimiyyəti açıq şəkildə tənqid etdiyinə və ya hakimiyyətin sadəcə olaraq xoşuna gəlməyən hər hansı bir şeyi dediyinə görə həbs olunan və ya mühakimə olunan bütün jurnalistlərin və fəalların azadlığa buraxılmasını tələb etməsi üçün təzyiq göstərməyə çağırırıq.
Amerikanın Səsi: Avropa liderlərinin müraciətə reaksiyası nə oldu? Onlardan hansı cavabı aldınız?
Gülnoza Said: Mən etiraf etməliyəm ki, Azərbaycana gəldikdə Avropa İttifaqı institutları ilə müdafiə işi aparmaq asan deyil. Avropa qurumlarının bəzi üzvləri ilə əlaqə saxlamışıq, bəzilərinə birbaşa məktublar yazsaq da cavab verməyiblər. Amma biz məsələn, bir neçə ay əvvəl iyun ayında parlamentə seçilən Avropa Parlamentinin yeni üzvləri arasında bəzi dostlar tapmışıq. Hazırda Bakıda olan və insan haqlarının pozulması ilə bağlı məsələlər qaldıran dostlar da var.
İnsan haqlarına hörmət etməyən bir ölkədə ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı heç bir tədbirin keçirilə bilməyəcəyini anlayanlar var. Çünki insan hüquqları ətraf mühit və iqlim dəyişikliyi ilə sıx bağlı məsələlərdir.
Biz işimizi dəstəkləyən hər kəslə işləməyə davam edəcəyik. Amma təbii ki, biz bu məsələlərdən xəbərdar olmalı və Azərbaycanın insan hüquqlarına və mətbuat azadlığına hörmətlə yanaşmasını təmin etməyə çalışmalı olan Avropa və ABŞ rəsmilərinə də təzyiq göstərməyə davam edəcəyik.
Amerikanın Səsi: Bir sıra hüquq müdafiəçiləri inanır ki, Azərbaycana səfər edən xarici rəsmilər Bakıda rəsmiləri media azadlığı ilə bağlı pis durumu ünvanlamağa diqqət yetirməyə çağırmalıdır. Siz necə hesab edirsiniz, beynəlxalq təzyiq olmadan Bakının repressiv kursu dəyişməsi mümkündürmü?
Gülnoza Said: İlk növbədə, Azərbaycanda müsbət dəyişikliklərin olması üçün beynəlxalq təzyiq mütləq vacibdir. Hazırda Azərbaycanda həbsdə olan və təqsirli bilindiyi təqdirdə ağır ittihamlar və uzun müddətə azadlıqdan məhrumetmə cəzası ilə üzləşən bu jurnalistlərin hamısı Azərbaycan hakimiyyətinə kənardan təzyiq olmadan azadlığa buraxıla bilməz. Çünki Azərbaycan hökuməti çox uzun müddətdir ki, fərqli düşünənlərə qarşı təzyiqləri ilə tanınır. Hökumət eynidir, prezident artıq ardıcıl olaraq 5-ci müddətini icra edən eyni prezidentdir.
İlham Əliyevin və ya digər hökumət rəsmilərinin birdən-birə kursu dəyişəcəyinə ümid yoxdur. Əslində, tam əksinədir. Bu mühüm tədbirin, beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi Azərbaycan rəsmilərində müstəqil səsləri nəinki cəzalandırılmadan, hətta yüksək səviyyədə rəsmilərin Bakıya gəlib Azərbaycan rəsmiləri ilə birlikdə açılış zamanı və ya müxtəlif tədbirlər və ümumi iclaslar, müxtəlif müzakirələr zamanı iştirak edərək, bütün bu əlaqələrə malik olduqları halda boğaraq, etdiklərini etməyə davam edə biləcəkləri haqda bir fikir yarada bilər.
Buna görə də Azərbaycan rəsmilərinin bu tədbirin Azərbaycanda keçirilməsi faktının repressiv siyasətlərini davam etdirmək üçün “kart-blanş” kimi qəbul etməsi riski var. Bu səbəbdən də Bakıda olan rəsmilərin və Azərbaycana səfər etməyən şəxslərin həbsdə olan jurnalistlərin, həbsdə olan vətəndaş hüquqları müdafiəçilərinin, fəalların və mühakimə olunanların işlərini qeyd etməsi və müzakirə etməsi üçün təzyiq göstərməsi çox vacibdir. Hazırda səyahət qadağası altında olan iyirmidən çox jurnalist var.
Beynəlxalq təşkilatlardan olanlar da daxil olmaqla, Azərbaycan rəsmilərinin kimin səfər edə bilib-bilməyəcəyinə ciddi nəzarət etdikəri üçün Azərbaycana səfər etmək imkanı olmayan bir sıra jurnalistlər və fəallar var. Onlar həqiqətən əvvəlcədən onları tənqid etməklə tanımayanlardan ibarət təsdiqlədikləri qonaqların siyahısının olmasını istəyirdilər. Beləliklə, xarici təzyiq təkcə xarici hökumətlər tərəfindən deyil, BMT-nin özü də daxil olmaqla, həm də beynəlxalq institutlar tərəfindən mütləq şəkildə vacibdir.
Amerikanın Səsi: Sizin təşkilatınız həbsdə olan jurnalistlərin azad edilməsi üçün hansı addımlar atır? Onların azadlığının təmin olunması istiqamətində səmərəli fəaliyyət göstərmək üçün konkret hansı tədbirlər görülməlidir?
Gülnoza Said: Biz uzun illərdir ki, Azərbaycanda jurnalistlərin ölkədə baş verən hadisələri işıqlandırmaq üçün təqib və həbs riski olmadan sərbəst işləyə bilməsini təmin etmək üçün işləyirik. Biz bu məqamda başa düşürük ki, bu iş ilk növbədə CPJ (Jurnalistləri Müdafiə Komitəsi), insan hüquqları təşkilatları, yerli və beynəlxalq, eləcə də xarici hökumətlərlə həmrəy olaraq beynəlxalq səviyyədə aparılmalıdır. Çünki biz bilirik ki, Azərbaycan hakimiyyəti kənardan təzyiq olmadan güc, repressiya siyasətini dəyişməyəcək.
Buna görə də Azərbaycanda uzunmüddətli həbs cəzası alan jurnalistlərin azadlığa çıxmasını təmin etməyin yeganə yolu əvvəla, etiraf etməliyəm ki, bu, çox çətin işdir. Mən bir çox ölkələrlə işləyirəm və Azərbaycan şübhəsiz ən çətin ölkələrdən biridir.
Rusiya, Belarus kimi təcrid olunmuş ölkələr var. Rusiyaya təzyiq göstərilməsi və ya bu ölkələrdə insan hüquqlarının geniş şəkildə pozulması ilə bağlı yekdil fikrə gəldikdə beynəlxalq ictimaiyyət daha həmrəydir.
Amma Azərbaycana gəldikdə, xarici hökumətlər tərəfindən həmrəylik və Azərbaycana təzyiq etmək istəyi kifayət deyil. Bizim CPJ-də işimizin çətin hissəsi bütün ölkələrin, xüsusən də Azərbaycanla müəyyən iqtisadi və investisiya əlaqələri olan ölkələrin Azərbaycanla iqtisadi və ya işgüzar əməkdaşlığın davam etdirilməsi üçün Azərbaycanın bütün həbs edilmiş jurnalistləri və digər fəalları azad etməsi və azad mətbuatın heç bir risk olmadan sərbəst fəaliyyət göstərməsinə şərait yaratmasını şərt kimi qoymasını təmin etməkdən ibarətdir.
Bu isə çox çətin çağırışdır, çünki "real siyasət" var. Bildiyiniz kimi, Azərbaycan neftindən asılılıq var və Azərbaycan bunu çox gözəl bilir. Hətta Prezident Əliyevin açılış nitqindən də onun iqlim konfransında neftdən danışdığı vaxt bunu hiss etmək olardı ki, burada təkcə ironiya deyil, həm də sarkazm var.
Mən hesab edirəm ki, Azərbaycanla neft sahsində əməkdaşlığı davam etdirən Avropanın bunu nəzərdən keçirməsi və tədricən digər enerji mənbələrinə keçməsi və Azərbaycanın mədən yanacağından və ya digər avtoritar hökumətlərin mədən yanacaqlarından asılılığını azaltması vacibdir. Çünki mədən yanacaqları bu avtoritar hökumətlər üçün daha çox mətbuat azadlığı və insan hüquqlarına hörmət edilməsini potensial olaraq tələb edə bilən, lakin neft və qazdan asılı olduqları üçün bunu etməyən demokratik ölkələrlə münasibət qurarkən böyük təsir vasitəsinə çevrilib.
Forum