Tehranda yaşayan azərbaycanlı ekoloji fəal Afşin Nəziri həbs cəzasının icrası üçün oktyabrın 28-də Pardis İnqilab Məhkəməsinə çağırıldıqdan sonra Dəmavənd həbsxanasına köçürülüb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, Nəziri bu həbsxanada cinayət törətmiş digər məhkumlarla bir yerdə saxlanılır və məhbusların cinayət növlərinə görə ayrılması tətbiq edilmir.
Afşin Nəziri bundan əvvəl Tehran vilayətinin Pardis şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 1 saylı şöbəsindən bildiriş almışdı. Bu bildirişə əsasən, o, cəzasının icrası üçün məhkəməyə getməli idi.
Nəziri daha əvvəl Pardis Ümumi və İnqilab Məhkəməsi tərəfindən "rejimə qarşı təbliğat fəaliyyəti göstərmək", "ali dini lideri təhqir etmək" və "ölkə təhlükəsizliyini pozmaq məqsədilə qruplaşmalara üzv olmaq" ittihamları ilə ümumilikdə 4 il 9 ay həbs cəzasına məhkum edilmişdi. Lakin apellyasiya məhkəməsi bu cəzanın üçdə ikisini 5 il müddətinə şərti olaraq dayandırmışdı. Buna görə də, Nəzirinin faktiki cəza müddəti 1 il 10 aya endirilmişdi.
Afşin Nəziri Araz çayının sənaye tullantıları ilə çirklənməsi və çayın rənginin dəyişməsi kimi problemlərlə bağlı sosial mediada çəkilişlər paylaşdığı üçün 2023-cü ilin avqust ayında təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınmışdı.
Afşin Nəziriyə həmçinin 2 il müddətinə ölkədən çıxış qadağası qoyulmuş və mobil telefonu müsadirə edilmişdi.
İran Azərbaycanında, habelə ölkənin digər yerlərində ekoloji fəallar hakimiyyətin sərt təzyiqləri ilə qarşılaşırlar. Urmiyə gölünün quruması və Araz çayının çirklənməsi kimi ciddi ekoloji problemlərin həllinə dair hökumətin qeyri-kafi tədbirləri ekoloji fəalların tənqidi ilə qarşılanır və nəticədə onlar təhlükəsizlik qüvvələri və məhkəmə sisteminin güclü təzyiqlərinə məruz qalırlar.
Forum