Accessibility links

Urmiyə İnqilab Məhkəməsi casusluqda ittiham edilən 4 nəfərə edam hökmü verib


İranın Qərbi Azərbaycan vilayətinin məhkəmə rəsmiləri iki ayrı işdə İsrail dövlətinə casusluq etmək ittihamı ilə mühakimə olunan dörd nəfərə qarşı edam cəzası çıxarıldığını bildirib.

Rəsmi dövlət agentliyi IRNA Qərbi Azərbaycan vilayətinin Ədliyyə İdarəsinə istinadən bu barədə məlumat yayıb.

Ədliyyə İdarəsinin açıqlamasında qeyd edilib ki, “4 nəfər iki ayrı işdə sionist rejimə casusluq və Mossad casus xidməti ilə əməkdaşlıq ittihamı ilə təqibə alınıb və vilayət mərkəzinin (Urmiyə) Ümumi və İnqilab Prokurorluğu kəşfiyyat və təhlükəsizlik orqanları ilə birlikdə onların haqqında işi hazırlayıb və İnqilab Məhkəməsinə göndərilmişdilər.”

Dövlət agentliyinin xəbərinə görə, “Urmiyə İnqilab Məhkəməsinin 2-ci şöbəsi bir işin üç əsas müttəhimi və digər işin bir müttəhiminə qarşı çıxardığı ilkin hökmdə onları ölüm cəzasına məhkum edib”.

Qeyri-rəsmi mənbələrin yaydığı məlumata görə, ölüm cəzasına məhkum olunanların ən az biri İraqın Kürdüstan bölgəsindən, digərləri isə İran Azərbaycanında yaşayan kürd icmasına mənsub vətəndaşlardır.

İranda fəaliyyət göstərən bəzi internet portalları cümə axşamı günü edama məhkum olunan şəxslərin ikisinin fotolarını dərc edib.

Tehranda nəşr edilən İqtisad Dünyası qəzetinin saytında yazılanlara görə, İranın ədliyyə rəsmiləri edama məhkum olunan şəxslərin üçünün 2020-ci ildə öldürülən nüvə alimi Möhsün Fəxrizadənin sui-qəsdində əli olduğunu irəli sürüb.

Forum

XS
SM
MD
LG