Accessibility links

Fazil Qasımov quru aclığa keçəcəyini bildirib


Fazil Qasımov (Mənbə: Sosial şəbəkə)
Fazil Qasımov (Mənbə: Sosial şəbəkə)

Həbsxanada 146 gündür aclıq edən İstanbul Universitetinin doktorantı Fazil Qasımov quru aclığa keçəcəyini bildirib.

Bu barədə onunla noyabrın 5-də telefon danışığından sonra ailəsindən Amerikanın Səsinə bildiriblər.

“Fazilin ailəsi ilə telefon danışığına iki həftə idi məhdudiyyət qoyulmuşdu. Bu gün vəkil Rövşanə Rəhimli Ombudsman Aparatı ilə telefon bağlantısından sonra Fazil evə zəng etdi. Səhhətinin ağır olduğun bildirdi. Dedi ki, ona qarşı qeyri-qanuni açılan cinayət işinə xitam verilməsi ilə bağlı hakim Mahirə Kərimovaya verdiyi vəsatət təmin olunmasa quru aclığa keçəcək”, ailə üzvü Amerikanın Səsinə deyib.

Fazil Qasımovun məhkəməsində növbəti məhkəmə iclası dekabrın 5-nə təyin edilib.

Azərbaycanda keçirləcək COP29 konfransı səbəbindən noyabr ayında siyasi məhbus kimi tanınan şəxslərin demək olar ki, hamısının məhkəmələri təxirə salınıb.

1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-a keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda həbs olunaraq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, Qasımov əlavə edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-ə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı istintaq qeyri-müəyyən müddətə dayandırılıb. Lakin o, həftədə iki dəfə polisdə qeydiyyatdan keçir, ölkədən çıxışına qadağa qoyulub.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Fazil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Növbəti məhkəmə iclası dekabrın 5-də keçiriləcək.

Forum

XS
SM
MD
LG