Accessibility links

Təbriz Şəhər Şurasının üzvü Gülüstan bağının dağıdılmasına etiraz olaraq istefa verib


Təbriz Şəhər Şurasının sabiq üzvü Firidun Babayi Əqdəm
Təbriz Şəhər Şurasının sabiq üzvü Firidun Babayi Əqdəm

Təbriz Şəhər Şurasının üzvü Firidun Babayi Əqdəm tarixi Gülüstan bağının dağıdılmasına qarşı etiraz olaraq şuradan istefa verib.

İran xəbər agentliklərinin və yerli medianın verdiyi məlumata görə, uzun illər Təbriz Şəhər Şurasının fəal üzvü olan Babayi Əqdəm Gülüstan bağının məhv edilməsində qanun pozuntularına göz yumulmasına etiraz əlaməti olaraq istefa ərizəsini oktyabrın 27-də şuraya təqdim edib. Şura üzvlərinin əksəriyyəti tərəfindən qəbul edilən bu istefa bağın dağıdılmasına qarşı etiraz jesti olaraq dəyərləndirilib.

İstefa məktubunda Babayi Əqdəm bildirib ki, "Gülüstan bağı ilə bağlı qanun pozuntuları hələ də araşdırılmır". O qeyd edib ki, "Ölkənin Baş Prokurorunun göstərişinə baxmayaraq, məsul şəxslər tarixi bağda inşaat işlərini davam etdirirlər".

Təbriz Universitetinin dosenti olan Babayi Əqdəm əlavə edib ki, "Bu vəziyyət göstərir ki, şəhər şurasının üzvləri sadəcə təsdiq və imza atan şəxslərə çevrilib və iradə, tənqid etmək hüququ onlardan alınıb”.

Sentyabr ayında yayılan xəbərlərdə Gülüstan bağının bir hissəsində polis məntəqəsi inşası üçün ağacların kəsilməsi şəhər əhalisi və şura üzvlərinin narazılığına səbəb olmuşdu. Hazırda təxminən 100 illik tarixə malik bağın bir hissəsinin polisə verilməsi yerli əhalidə ciddi narahatlıq yaradıb.

Bundan əlavə, Firidun Babayi Əqdəm “Gülüstan bağı” ilə bağlı məsələ səbəbilə təhdidlərə məruz qaldığını öz Instagram hesabında paylaşmış və Təbrizin “mənafeyi, kimliyi və tarixini qorumaq” mövqeyində olduğunu vurğulamışdı. Babayi bəzi qurumların, o cümlədən bələdiyyə başqanının bu məsələdə fərqli mövqedə olduğunu da bildirmişdi.

Bununla bağlı bu yaxınlarda təbrizli jurnalist Fatma Qulupur da həmin bağda ağacların kəsilməsi ilə bağlı xəbər yaydığı üçün polis tərəfindən məhkəməyə verilib və ona qarşı məhkəmə işi açılıb.

Təbriz şəhərinin tarixi kontekstinin böyük hissəsi qeyri-peşəkar şəhərsalma nəticəsində məhv olub, rəsmilərin sözlərinə görə, tarixi kontekstin təxminən 90%-i artıq dağıdılıb.

Forum

XS
SM
MD
LG