Accessibility links

Təbrizli Rejissor Məhəmməd Siyaməkniyanın "Dil" filmi Milan festivalında mükafat qazanıb


Məhəmməd Siyaməkniya
Məhəmməd Siyaməkniya

İran Azərbaycanından olan rejissor Məhəmməd Siyaməkniyanın "Dil" adlı qısametrajlı filmi İtaliyanın Milan şəhərində keçirilən Sognielettrici Festivalında ən yaxşı qısametrajlı film mükafatına layiq görülüb.

Film münsiflər heyəti tərəfindən "kinematoqrafiya dilinin ustalıqla istifadəsi və cəsarətli şəkildə siyasi, sosial və mədəni mövzulara toxunması" ilə diqqətəlayiq hesab edilib.

Münsiflər heyətinin açıqlamasında "Dil" filminin distopiya janrında olan hekayəsinin qapalı və açıq məkanların bədii şəkildə birləşdirilməsi ilə xüsusi fərqləndiyi vurğulanıb. Eyni zamanda, dialoqsuz olsa belə, tamaşaçıya güclü emosional təsir bağışlaması, rənglərin ustalıqla istifadəsi və məkanların bədii tərtibatı ilə diqqət çəkdiyi qeyd edilib.

Aktyorların təbii və inandırıcı ifaları da filmin ən güclü tərəflərindən biri kimi dəyərləndirilib.

"Dil" qısametrajlı bədii filminin afişi
"Dil" qısametrajlı bədii filminin afişi

Təbrizli rejissor Siyaməkniya daha əvvəl X (keçmiş Twitter) hesabında filminin oktyabrın 4-də Bakı Beynəlxalq Film Festivalında nümayiş etdirildiyini elan etmişdi. Lakin o, eyni zamanda, filminin Təbrizdə ictimaiyyətə təqdim olunmasına icazə verilmədiyini də qeyd edib.

Siyaməkniya 2022-ci ilin sentyabr ayında baş qaldıran ümummilli etirazlarla eyni vaxtda Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi və təqribən iki həftə sonra azadlığa buraxılmışdı.

X hesabında o, bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini, daha sonra bu cəzanın cəriməyə çevrildiyini və nəhayət, amnistiya sərəncamı ilə əfv olunduğunu açıqlaymışdı. Rejissor bütün bu müddət ərzində hər hansı hüquqi sübut və ya dəlil təqdim edilmədən məhkəmə proseslərinin aparıldığını qeyd etmişdi.

Forum

XS
SM
MD
LG