Accessibility links

Zəncanda 6 nəfər ev istehsalı spirtli içkidən zəhərlənib


İranda ev istehsalı spirtli içkidən zəhərlənən xəstə müalicə alır
İranda ev istehsalı spirtli içkidən zəhərlənən xəstə müalicə alır

Zəncan vilayətinin fövqəladə hallar şöbəsinin müdiri vilayətdə 6 nəfərin evdə hazırlanmış spirtli içkilərdən zəhərləndiyini açıqlayıb.

Yarı-rəsmi İSNA xəbər agentliyinin məlumatına görə, Zəncan vilayətinin təcili yardım şöbəsinin müdiri Daryuş Tağılı bir gün əvvəl bildirib ki, 5 nəfər zəhərlənib, 1 nəfər isə evdə hazırlanmış spirtli içkilərdən həyatını itirib.

Bu gün isə Tağılı iddia edib ki, son iki həftə ərzində vilayətdə spirtli içki qəbulundan ölüm faktı qeydə alınmayıb, vəfat edən şəxs isə xəstəlik səbəbindən həyatını itirib.

O həmçinin qeyd edib ki, zəhərlənən 6 nəfər müalicə olunaraq xəstəxanadan buraxılıb. Tağılı əlavə edib ki, zəhərlənən şəxslər Gilan vilayətində qeyri-standart ev istehsalı spirtli içkilər qəbul edib, Zəncana qayıtdıqdan sonra zəhərlənmə əlamətləri ortaya çıxıb.

Bununla belə, “Hamshahrionline” qəzeti son iki həftə ərzində ölkə miqyasında 48 nəfərin spirtli içkilərdən zəhərlənərək öldüyünü yazıb. Məlumatda Zəncanda bir nəfərin ölüm xəbəri yer alıb. Məlumata görə, ümumilikdə son iki həftə ərzində Mazandaran, Gilan, Həmədan və Zəncan vilayətlərində 48 nəfər ölüb.

Həmədan vilayətinin ədliyyə rəsmiləri oktyabrın 8-də verdikləri son hesabatda Həmədan və Kəbudərahəng şəhərlərində zəhərlənənlərin ümumi sayının 20 nəfər olduğunu, onlardan 11 nəfərin öldüyünü bildiriblər.

İranda evdə hazırlanmış spirtli içkilərdən zəhərlənmə halları uzun illərdir müşahidə olunur. Bu, ölkədə alkoqollu içkilərin istehsalı, satışı və idxalına qadağa ilə əlaqədardır. Tələbatın artması ilə ev şəraitində hazırlanan məhsullar istehlak olunur ki, bu da keyfiyyətsiz məhsullarla zəhərlənmə və hətta ölüm halları ilə nəticələnir.

Lakin bu dəfə bir neçə vilayətdə qısa müddətdə çox sayda insanın ölməsi qəsdən adam öldürmə ehtimalını gündəmə gətirib. Son məlumatlara görə, İranın Mazandaran vilayətində qəsdən adam öldürmə ittihamı ilə 4 nəfər nəzarət altına alınıb.

Forum

XS
SM
MD
LG