Accessibility links

Oqtay İsgəndərli: Qardaşımın qətli peşəkar killerlər tərəfindən törədilib


Vidadi İsgəndərli
Vidadi İsgəndərli

“Qardaşım Vidadi İsgəndərliyə qarşı terror aktı ilə bağlı Azərbaycanın daxilində və xaricində olan insanların müxtəlif versiyalarının hər hansı əsası yoxdur. Qardaşıma qəsdin səbəbləri, sifarişçiləri və icraçıları ilə bağlı son sözü Fransa prokurorluğu və polisi tərəfindən yaradılmış istintaq qrupu araşdırmalarını başa çatdırdıqdan sonra deyəcək. Hazırda Fransanın Müluz şəhərinin polisi və prolurorluğu Vidadi İsgəndərlinin qətlə yetirilməsi ilə bağlı qaldırılmış cinayət işi üzrə intensiv istintaq işlərini davam etdirir. Kriminal polis və prokurorluq böyük istintaq qrupu yaradıb. Artıq İsgəndərlinin ailə üzvləri, qohumları bir neçə dəfə dindirilib”.

Bu barədə sentyabrın 29-da Fransanın Müluz şəhərində yaşadığı evdə naməlum şəxslərin silahlı hücumuna məruz qaldıqdan sonra oktyabrın 1-də bu şəhərin hospitalında vəfat edən azərbaycanlı siyasi mühacir Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəındərli Amerikanın Səsinə deyib.

Bununla yanaşı Oqtay İsgəndərli bildirib ki, istintaq qrupunun və ailələrinin versiyalarından biri budur ki, Vidadi İsgəndərlinin qətli əvvəlcədən planlaşdırılıb, iş bölgüsü aparılıb və peşəkar killerlər tərəfindən həyata keçirilib.

“Killerlər onun evindən qiymətli əşyalarını və məlumatlarının olduğu komputerini və telefonunu belə götürməyiblər. Hətta yaşadığı evdə stolunun üstündə olan bir neşə yüz dollarına belə toxunmayıblar. Vidadi onlardan tələblərini soruşub. Lakin ona silahlı hücum edənlər maskalı olub, hər hansı kəlmə belə kəsməyiblər”, o qeyd edib.

Oqtay İsgəndərli deyib ki, Vidadinin qəsdinin sifarişçilərinin Azərbaycanın, yaxud digər dövlətlərin kəşfiyyat orqanları tərfindən və hər hansı siyasi, biznes qurumu tərəfindən verildiyi barədə də hələ ki, hər hansı versiya müəyyən edilməyib.

“İstintaq qapalı gedir, ailə üzvləri bir neçə dəfə istintaqda dindirilib. Amma hələ ki, istintaq Vidadinin ailəsinə nə sifarişçilər, nə də icraçılarla bağlı hər hansı məlumat verməyib”, o qeyd edib.

Oqtay İsgəndərlinin sözlərinə görə, qətldən 11 gün keçməsinə baxmayaraq Vidadi İsgəndərlinin nəşi hələ də ailəsinə verilməyib.

“Hələ də eksperizanın başa çatmadığını bildirirlər”, o qeyd edib.

Siyasi mühacir Vidadi İsgəndərli sentyabrın 29-da Fransanın Müluz şəhərində yaşadığı evdə naməlum şəxslərin hücumuna məruz qalıb və oktyabrın 1-də bu şəhərin hospitalında vəfat edib. Naməlum şəxslər İsgəndərliyə 20-dən çox bıçaq zərbəsi endirib.

Vidadi İsgəndərli bundan öncə də, 2022-ci il iyunun 16-da da Fransada həmin şəhərdə fiziki hücuma məruz qalıb. O, qəfildən 10-12 nəfər silahlanmış şəxsin onu öldürməyə cəhd etdiyini bildirmişdi. O zaman polis müəyyən etmişdi ki, bu, yerli kriminal qrupların işidir.

İsgəndərli sifarişin Azərbaycan hakimiyyətindən gəldiyini hesab etdiyini bildirmişdi.

Vidadi İsgəndərli sosial şəbəkələrdə hakimiyyətin ünvanına sərt və emosional tənqidləri ilə tanınırdı.

O, 2011-ci ildə Bakıda saxlanılıb. Məhkəmə onu döymə, seçki hüquqlarının həyata keçirilməsinə mane olma və seçki komissiyalarının fəaliyyətinə müdaxilə ittihamı üzrə təqsirli bilərək 3,5 il azadlıqdan məhrum edib. İsgəndərli 2012-ci ilin dekabrında Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Hüquq müdafiəçisi hökmü qəbul etməyib və siyasi sifariş hesab edib.

İsgəndərli Fransaya 2015-ci ildə mühacirət edib.

Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Amnesty International Fransa hökumətini Vidadi İsgəndərlinin qətlinin üstünün açılması və qətlin motivinin müəyyən edilməsi üçün tədbirlər görməyə çağırıb.

“Bu mənfur cinayət təcili araşdırılmalı və şübhəli bilinənlərin hamısı ədalətli məhkəmə yolu ilə məsuliyyətə cəlb edilməlidir”, Amnesty International təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalia Nozadze deyib.

Forum

XS
SM
MD
LG