Məhəmmədrza Xəlili Astaranın Ərdəbil vilayətinə birləşdirilməsi üçün imza kampaniyası başlatdığına görə bir il müddətinə həbs cəzasına məhkum edilib.
Bu xəbər "AZOH" Telegram kanalında yayımlanan məlumatlara əsaslanır. Məlumata görə, Xəlili avqustun 6-da Astaranın cinayət məhkəməsinin 103 saylı şöbəsində "ölkənin təhlükəsizliyini pozmaq məqsədilə insanları zorakılığa və bir-birini öldürməyə təşviq etmək" ittihamı ilə hakim qarşısına çıxarılıb.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Rəşt məhkəməsi bu ittiham əsasında onu bir il həbsə məhkum edib. Məhkəmə qərarına etiraz edən Xəlili Gilan vilayətinin Apellyasiya Məhkəməsinin Rəştdəki 18 saylı şöbəsinə apellyasiya şikayəti verib.
22 yaşlı mədəni fəal Məhəmmədrza Xəlilinin Xalxal şəhərindən olduğu və Sövməə Sara şəhərində yaşadığı qeyd olunur.
Xəlilinin imza kampaniyası 2023-cü ilin dekabr ayında "Astaranın Ərdəbil vilayətinə ilhaqı tələbi" başlığı ilə İranın "Kaarzar" saytında dərc edilmişdi. Minlərlə insanın imzaladığı bu petisiya İranın daxili işlər naziri və Astaranın millət vəkilinə ünvanlanmışdı. Petisiyada Astaranın Rəştdən uzaq olduğu və bu səbəbdən Ərdəbil vilayətinə birləşdirilməsinin şəhərin inkişafı üçün zəruri olduğu irəli sürülürdü.
Petisiya yayıldıqdan sonra Xəlili kiberpolis tərəfindən saxlanılıb. İran mediası isə onun həbsi barədə "ictimai rəyi çaşdıran şəxs həbs edildi" başlığı ilə məlumat yayıb. Onun həbs edilərək dindirilmək üçün təhlükəsizlik qüvvələrinin təcridxanasına aparıldığı zaman döyüldüyü bildirilir.
Dekabrın 9-da Xəlili 2 milyard tümən girov müqabilində məhkəmə hökmünün yekun qərarına qədər müvəqqəti azadlığa buraxılmışdı.
Forum