Accessibility links

Astara şəhərinin Ərdəbil vilayətinə ilhaqını tələb edən İran vətəndaşı müvəqqəti azadlığa çıxıb


Astara şəhəri, İran
Astara şəhəri, İran

Bəzi sosial media kanallarında yayılan xəbərlərdə Astaranın Ərdəbil vilayətinə ilhaqını tələb edən İran vətəndaşının zaminə buraxıldığı bildirilir.

Bu vətəndaşın dekabrın 9-da məhkəmənin yekun hökmünə qədər 2 milyard tümən girov müqabilində müvəqqəti olaraq azadlığa buraxıldığı və adının Məhəmmədrza Xəlili olduğu bildirilir. Ona qarşı "sistemə qarşı təbliğat fəaliyyəti aparmaq" və "ictimai rəyi çaşdırmaq" ittihamları irəli sürülüb.

Astara şəhərinin Ərdəbil vilayətinə birləşdirilməsi bu şəhərin əhalisinin Ərdəbil vilayəti ilə kültür və dil yaxınlığına, eləcə də bu şəhərlə Gilan vilayətinin mərkəzi olan Rəşt şəhəri arasında uzun məsafə olması səbəbindən yeni tələb deyil. Bu şəhərin Gilan vilayətinin mərkəzinə olan 174 km məsafə vətəndaşlar üçün bəzi çətinliklər yaradır.

Noyabrın 15-dən Karzar saytında onlayn imzatoplama kampaniyası başladı və bu tələbə dəstək əlaməti olaraq 11 minə yaxın imza toplandı. Lakin İranın kiber polisi bu məsələni gündəmə gətirən və kampaniyaya başlayan 22 yaşlı şəxsi Gilan vilayətinin Sövməə Sara şəhərində müəyyən edərək həbs edib. İran mediası həmin gəncin həbs xəbərini "ictimai rəyi çaşdıranın amili həbs edilib" başlığı ilə yayımlamışdı.

Karzar petisiya saytında imzatoplama kampaniyasını başladan Məhəmmədrza Xəlili, Astara millətvəkili və Daxili İşlər Nazirinə ünvanladığı məktubda qeyd edib ki, "Gilan vilayətində uzun sahillər olduğundan Astaranın potensialına az diqqət yetirilir, lakin Ərdəbil vilayəti Xəzər dənizinə çıxışı olmadığı üçün Astaradan daha çox faydalana və Astaraya yeni və böyük investisiyalar gətirə bilər."

Astara şəhəri Gilan vilayətinin şimalında yerləşir və 1960-cı ilə qədər Şərqi Azərbaycan vilayətinin tərkibində olub və həmin tarixdə Gilan vilayətinə ilhaq edilib.

Astara həm də strateji baxımdan xüsusi əhəmiyyət kəsb edir və İranın Azərbaycan Respublikasına, oradan isə Rusiyaya bağlandığı Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi üzərində yerləşir. Həmçinin Gilan valisi Əsədullah Abbasi bu oktyabrın 26-da vilayətdə keçirilən tədbirdə Astaranı "Gilan üçün mühüm və strateji iqtisadi qapı" adlandırmışdı.

Forum

XS
SM
MD
LG