Azərbaycanlı siyasi fəal Əsgər Fərəci sentyabrın 23-də ümumi amnistiya çərçivəsində İranın Evin həbsxanasından azadlığa buraxılıb.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, o, son illərdəki siyasi fəaliyyətinə görə həbsdə idi və sərbəst buraxılması geniş əfv prosesinin bir hissəsi olaraq həyata keçirilib.
İranın ədliyyə rəsmilərinin açıqlamasına görə, keçirilən əfv kampaniyası nəticəsində 2887 məhkum azadlığa buraxılıb və ya cəzaları yüngülləşdirilib. Bu tədbirlərdən faydalananlar arasında bəzi siyasi və vicdan məhbusları da var. Əsgər Fərəci də həmin məhbuslardan biridir.
2022-ci ilin iyun ayında həbsxanaya köçürülən Fərəci əvvəlcə 17 il 4 ay həbs və 2 illik sürgün cəzası alsa da, Apellyasiya Məhkəməsi onun cəzasını beş ilə endirmişdi. Beləliklə, cəzasının təqribən 2 il 3 ayını çəkdikdən sonra azadlığa buraxılıb.
Məhkəmə prosesində Fərəcinin qeyd dəftərində latın qrafikası ilə türkcə yazılar yazması ittiham nümunəsi kimi göstərilmişdi. Hüquq müdafiəçiləri Əsgər fərəcinin kitab dağıtmaqdan dolayı həbs edildiyini bildirimişdi.
Cəzasının 2 il 3 ayını çəkdikdən sonra azadlığa buraxılan Fərəci, iyunun 13-də qısa müddətli məzuniyyətə buraxılmışdı. Həbsdə olduğu müddətdə onun ürək və bel problemləri olduğu bildirilsə də, həbsxana rəhbərliyi ona dərmanlarının çatdırılmasını təmin etmirdi.
Forum