Accessibility links

İranda kütləvi etirazlar zamanı həbs edilən Səhənd Nurməhəmmədzadə korluq təhlükəsi ilə üz-üzədir


Səhənd Nurməhəmmədzadə
Səhənd Nurməhəmmədzadə

Səhənd Nurməhəmmədzadənin vəkili, onun görmə qabiliyyətinin kritik vəziyyətdə olduğunu və Tehran İnqilab Məhkəməsinin Hökmlərin İcrası Şöbəsinin məhbusun dosyesini ədliyyə tibb ekspertizasına göndərməkdən imtina etdiyini bildirib.

2022-ci il etirazları zamanı həbs edilən Nurməhəmmədzadəyə “müharibə” ittihamı irəli sürülərək 10 il müddətinə Kirmanın Kəhnuc həbsxanasına sürgün cəzası verilib. Həbs müddətində o, ciddi görmə problemləri ilə üzləşib.

Vəkili Hamid Əhmədi “Şərq” qəzetinə verdiyi müsahibədə Nurməhəmmədzadənin həbsxanada görmə problemi yaşadığını və həkimlərin onun təcili əməliyyata ehtiyacı olduğunu dediklərini bildirib. Məhbus qısamüddətli tibbi məzuniyyət alaraq lazer terapiyası keçsə də, vəziyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşib. Əhmədi xəbərdarlıq edib ki, Nurməhəmmədzadə lazımi tibbi yardımı ala bilməsə, hər iki gözündə tam korluq riski ilə üzləşə bilər.

Azərbaycanlı məhbusun vəkili, müvəkkilinin sağlamlığının qorunması üçün qanunun tələb etdiyi tədbirlərin görülməsini istəyir.

Nurməhəmmədzadənin Kirman həbsxanasında ağır şəraitdə saxlanıldığı bildirilir. Əvvəlcə “müharibə” ittihamı ilə edama məhkum edilmiş, lakin bu hökm Ali Məhkəmə tərəfindən ləğv edilmişdi. Hazırda o, eyni ittihamla 10 illik sürgün cəzasını çəkir.

Məhkəmə, Səhənd Nurməhəmmədzadəni etirazlar zamanı bir gəncin zibil qutusunu yandırdığı və yol kənarındakı barmaqlıqları sökdüyü videoya əsaslanaraq ittiham edib. Lakin Səhənd həm dindirmə, həm də məhkəmə prosesi zamanı videoda göstərilən şəxsin o olmadığını bildirib.

2023-cü ilin mart ayında Nurməhəmmədzadə “müharibə”, “toplaşmaq və əlbir olmaq” və “ictimai asayişi pozmaq” ittihamları ilə müvafiq olaraq 10 il sürgündə həbs, 5 il həbs və 1 il həbs cəzasına məhkum edilib. Vəkili bu ittihamların ədalətsiz olduğunu, müvəkkilinin bütün ittihamları rədd etdiyini vurğulayaraq işə yenidən baxılmasını tələb edib.

Forum

XS
SM
MD
LG