“Abzas Media”nin həbsdə olan əməkdaşı - jurnalist Nərgiz Absalamova növbəti dəfə ev dustaqlığına buraxılmayıb.
Bu barədə Amerikanın Səsinə vəkil Rövşanə Rəhimli bildirib.
Onun sözlərinə görə, mayın 15-də jurnalistin həbsi nəzərdə tutmayan qətimkan tədbirinin seçilməsilə bağlı verdiyi vəsatəti Xətai Rayon Məhkəməsi təmin etməyib.
Vəkil qeyd edib ki, jurnalist Nərgiz Absalamova məhkəmədə iştirak edib və vəsatəti müdafiə edib.
“Məhkəmədə Nərgiz dedi ki, həbsdə qalması üçün heç bir əsası yoxdur. Qeyd elədi ki, təqsirsizdir və o sadəcə təcrübə keçib, sosial mövzuda materiallar hazırlayıb və magistr imtahanı vermək üçün bu jurnalist təcrübə proqramlarından keçməli idi. Məhkəmənin diqqətinə çatdırdı ki, qaçıb getmək fikri yoxdur. Atası ağır şəkər xəstəsidir. Həbsi atasına təsir edib. Amma bunlara baxmayaraq məhkəmə ev dustaqlığı ilə bağlı vəsatəti təmin etmədi ”, vəkil bildirib.
Bundan əlavə vəkil Rövşanə Rəhimli bildirib ki, jurnalist həbs olunandan onunla bağlı cəmi bir dəfə istintaq hərəkəti aparılıb.
Vəkil hesab edir ki, jurnalistin həbsə alınması, Avropa İnsan Haqları Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı ədalətli məhkəmə araşdırması hüququ), 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) və konvensiyanın bir sıra digər maddələrinin pozulması deməkdir.
Rövşanə Rəhimli birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.
Vəkilin dediklərinə istintaq orqanı hələ reaksiya verməyib. Bununla yanaşı, rəsmi qurumlar həmçinin ibtidai istintaqın nə vaxt başa çatacağı ilə bağlı hələlik açıqlama verməyib. Adətən istintaq başa çatandan sonra cinayət işi məhkəməyə göndərilir və vəkillərin istintaq işi ilə tanış olması üçün imkan yaradılır. Amma bunlar hələ baş verməyib.
"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilir.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.
Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir. Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Forum