Accessibility links

Jurnalist Teymur Kərimovun işi üzrə məhkəmə baxışı təyin edilib


Teymur Kərimov
Teymur Kərimov

Mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə “Kanal 11” İnternet Televiziyasının rəhbəri Teymur Kərimovun cinayət işi üzrə hazırlıq iclası başa çatıb. Məhkəmə baxışı mayın 29-na təyin edilib.

Bu barədə Amerikanın Səsinə vəkil Nemət Kərimli bildirib.

Vəkil Nemət Kərimlinin həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətini məhkəmə təmin etməyib.

Vəkil bildirib ki, jurnalist məhkəmədə ittihamı qəbul etmədiyini, sifarişlə həbs edildiyini və həbsinin jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini deyib.

Ötən il dekabrın 12-də Bakının Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində həbs qətimkan tədbiri seçib.

Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci və 182.2.4-cü maddələri ittiham olunur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə bildirib ki, ötən il dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb.

Kərimov yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Xatırladaq ki, hazırda Azərbaycanda 20-dən çox jurnalist və bloger həbsədədir.

Bir sıra yerli və beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti jurnalistlərin həbsi ilə bağlı bəyanatla çıxış edərək Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıb.

Forum

XS
SM
MD
LG